MƏDƏNİYYƏT
Yazıçı–dramaturq Elçin Hüseynbəyli sumqayıtlı oxucuları ilə görüşmüşdür
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Əli Kərim adına Sumqayıt poeziya klubunun təşkilatçılığı ilə bu şəhərdəki S.Vurğun adına mərkəzi kitabxanada “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəylinin oxucularla görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitabxananın foyesində müəllifin kitablarından ibarət sərgi təşkil olunmuşdur.
Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova yazıçının həyat və yaradıcılığı barədə yığcam məlumat vermişdir.
Tədbirdə poeziya klubunun direktoru, şair İbrahim İlyaslı və başqaları yazıçı E. Hüseynbəylinin yaradıcılığını yüksək qiymətləndirmişlər.
Səmimi dialoq, sual-cavab üzrərində qurulan görüşdə yazıçının “ Balıq adam”, “Tut ağacı boyunca”, “Don Juan”, “Yovşan qağayılar” romanları, eləcə də çoxsaylı pyes, hekayə və publisistik məqalələri ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda E.Hüseynbəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş və yeni yaradıcılıq planlarından danışmışdır.