SİYASƏT
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079266452715460969_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926645220198974_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926646729557979_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079266461660743645_1200x630.jpg)
Bakı, 30 noyabr (AZƏRTAC). Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov oktyabrın 9-da keçirilmiş prezident seçkilərində partiyanın sədri İlham Əliyevin parlaq qələbə qazanması münasibəti ilə bütün YAP üzvlərini təbrik edərək demişdir ki, Azərbaycan xalqı ötən 10 ildə ölkədə baş verən tərəqqi və inkişafı yüksək qiymətləndirərək ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsini istəmiş və onun layiqli davamçısına səs vermişdir.
Bildirilmişdir ki, ötən 10 il ərzində Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edərək Şərqi Avropa və MDB dövlətləri üçün nümunəyə çevrilmişdir. Hər bir Azərbaycan vətəndaşı bu inkişafı birbaşa öz üzərində hiss etmişdir. İnsanların həyat şəraiti yüksəlmiş, gəlirləri artmış, yaradılmış demokratik mühit vətəndaşların sərbəst şəkildə siyasi baxışlarını ifadə etməyə imkan vermişdir.
Prezident İlham Əliyevin qələbəsinin əsasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ideyaları dayanmışdır. Dövlətimizin başçısı İlham Əliyev bu ideyaları reallığa çevirərək Azərbaycanın dünyadakı nüfuzunu artırmış, bölgənin lider dövlətinə çevirmişdir. Bu gün Azərbaycanın razılığı olmadan Cənubi Qafqaz bölgəsində heç bir iqtisadi və siyasi layihə həyata keçirilə bilməz.
Ə.Əhmədov bildirmişdir ki, prezident seçkilərində qazanılmış qələbədə YAP-ın rayon və şəhər təşkilatlarının da böyük rolu olmuşdur. Partiyanın fəal üzvləri təbliğat kompaniyasının aparılmasında, müşahidəçilik missiyasının yerinə yetirilməsində əhəmiyyətli işlər görmüşlər. YAP üzvləri bir daha dövlətə , dövlətçiliyə, Heydər Əliyev ideyalarına sədaqətlərini nümayiş etdirmişdir.
Sonra YAP rayon və şəhər təşkilatları sədrlərinin çıxışları olmuş, partiyanın gələcək fəaliyyət istiqamətləri haqqında müzakirələr aparılmışdır.