CƏMİYYƏT
“Yeni Azərbaycan” qəzetinin “Bakı-2015”lə bağlı keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
Bakı, 16 iyun, AZƏRTAC
“Yeni Azərbaycan” qəzeti mayın 5-dən iyunun 6-dək oxucular arasında “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan müsabiqə keçirib.
Müsabiqənin sualları qəzetdə dərc edilib və onun elektron variantında yerləşdirilib. Hər dəfə qoyulmuş iki sualı ən tez cavablandıran iki oxucu qalib elan edilərək ilk Avropa Oyunları çərçivəsində keçirilən yarışlardan birinin finalına bilet qazanıb. Ümumilikdə 10 oxucu qalib olub.
AZƏRTAC xəbər verir ki, iyunun 16-da müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, biletlərin ikisi üzrə final yarışları daha tez olduğu üçün iki qalib əvvəlcədən mükafatlandırılıb.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, hamı açılışın çox yüksək səviyyədə olacağını gözləyirdi. Amma heç kim bu mərasimin belə möhtəşəm, nağılabənzər olacağını gözləmirdi. İnsanlar, sözün həqiqi mənasında, təəccüb keçirdilər, heyran oldular. Bu heyranlıq açılış mərasimini canlı izləyən hər bir azərbaycanlının, xarici qonağın gözlərindən oxunurdu. Hər bir Azərbaycan vətəndaşı bu mənzərədən qürur duydu. Hər dəfə səhnədə quraşdırılan dekorasiya dəyişdiriləndə yeni bir möcüzə gözləyirdik. Azərbaycanın nə qədər qədim keçmişə, tarixə malik olduğu açılış mərasimində dünyaya təqdim edildi.
Baş redaktor deyib ki, açılış mərasimində həm yüksək intellekt, həm də xalqa sevgi var idi. Bu anları yaşatdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkür edirik. Bu anlar hələ uzun müddət insanların yaddaşında yaşayacaq və Azərbaycanın şanlı tarix səhifələrindən biri kimi yadda qalacaq.
H.Babaoğlu deyib ki, ilk Avropa Oyunları ərəfəsində medianın və ictimai institutların fəaliyyətinə və roluna xüsusi toxunmaq lazımdır. Bu istiqamətdə həm müxtəlif ictimai institutlar, həm də vətəndaş kimi ayrı-ayrı fərdlər öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, bu prosesə öz töhfələrini verməyə çalışırlar. “Beləliklə, bu mötəbər beynəlxalq idman hadisəsinin əhəmiyyətini nəzərə alaraq biz də “Yeni Azərbaycan” qəzeti olaraq oxucular arasında müsabiqə təşkil etdik. Azərbaycanın idman tarixi və ilk Avropa Oyunları ilə bağlı dərc edilən suallara doğru və operativ cavab verən oxucularımız “Bakı-2015”in final oyunlarından birinə bilet qazandılar. Bütün iştirakçıları və qalibləri təbrik edirik”.
Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov qaliblərə biletləri təqdim ediblər.