MƏDƏNİYYƏT
“Yeni nəfəs” qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təşkilatçılığı ilə reallaşan “Yeni nəfəs” qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirmişdir ki, müsabiqəyə 170-dən artıq müəllif 250-dən çox ssenari təqdim etmişdir. Reqlamentin şərtlərinə cavab verən 117 müəllifin 139 ssenarisi müsabiqəyə daxil edilmişdir. Bu ssenarilər 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilmişdir.
Obyektivliyi qorumaq üçün münsiflər heyətinin kimliyi gizli saxlanılmışdır. Münsiflər də müəlliflərin ad və soyadlarından xəbərsiz olmuş, ancaq ssenariləri kodlarına uyğun qiymətləndirilmə aparılmışdır.
Tədbirdə çıxış edən münsiflər heyətinin üzvi, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə müsabiqəyə gənclər tərəfindən təqdim olunmuş ssenariləri yüksək qiymətləndirmiş və Azərbaycan kinosunun inkişafda olduğunu söyləmişdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq Artisti, Dövlət mükafatları laureatı, professor Şəfiqə Məmmədova bildirmişdir ki, biz daim istedadlı gənclərə xüsusi önəm veririk. Bir müddət bundan əvvəl gənclərin ssenari yazmaq istiqamətindəki peşəkarlığını artırmaq üçün kurslar təşkil etmək istəyirdik. Elə bu səbəbdən də belə bir müsabiqəni keçirilməsini vacib hesab etdik. Biz artıq bu sahədəki real vəziyyəti bilirik. Yaxın vaxtlarda kursların təşkilini reallaşdıracağıq.
Sonra qaliblərin mükafatlandırılmasına başlanılmışdır.
Münsiflərin qərarı ilə ən yüksək bal almış “İkinci güllə” ssenarisinin müəllifi Natiq Rəsulov birinci, “Qanadlar”ın müəllifi Fərid Nadirov ikinci, “Mekopolis”in müəllifləri Gülər Qasımova, İmaməddin Həsənov, Ələkbər Əliyev və İsmayıl Məmmədov isə üçüncü yerə layiq görülmüşlər.
Qaliblərə diplom və pul mükafatları təqdim olunmuşdur.
Müsabiqənin qalibləri belə bir yarışmanın keçirilməsini gənclərə göstərilən diqqət və qayğı kimi qiymətləndirmiş və kinomuzun inkişafına öz töhfələrini verəcəklərini söyləmişlər.
Tədbirdə, həmçinin ən yüksək bal almış 7 ssenari müəllifinə də fərqlənmə diplomu təqdim edilmişdir.