ELM VƏ TƏHSİL
Yer Elmləri Bölməsinin iclasında mühüm məsələlər müzakirə edilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, institutların elmi şuralarının üzvləri iştirak ediblər.
Bölmənin akademik katibi, akademik Fəxrədin Qədirov “Yer Elmləri Bölməsinin inkişaf tarixi və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bölmə yer haqqında elmlər üzrə respublikada aparılan fundamental və tətbiqi elmi tədqiqatlar kompleksini koordinasiya edir. Bölmənin elmi-təşkilati fəaliyyəti Geologiya və Geofizika, Coğrafiya institutları və Respublika Seysmoloji Xidmət Mərkəzi ilə yanaşı, respublikada yer elmləri sahəsində fəaliyyət göstərən müəssisələrin, ali məktəblərin geologiya, geofizika və coğrafiya profilli kafedralarının və xarici ölkə institutlarının tanınmış alimlərinin fəaliyyəti ilə əlaqəli aparılır.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovun “Geologiya və Geofizika İnstitutu: Nailiyyətlər və perspektivlər”, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu: Nailiyyətlər və perspektivlər” və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Respublika Seysmoloji Xidmət Mərkəzi müstəqillik illərində” mövzusunda məruzələri dinlənilib.