İDMAN
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Belarusda keçirilmiş beynəlxalq turniri ikinci pillədə başa vurmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Minskdə güləş üzrə Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş XIX Beynəlxalq turnir başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 komanda iştirak etmişdir. Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Polşa, həmçinin Belarusu təmsil edən iki komanda turnirin qalibi olmaq uğrunda mübarizə aparmışdır.
Azərbaycan yığması Polşa, Litva və “Belarus-1” komandaları ilə B yarımqrupunda mübarizə aparmışdır. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanmışlar.
Finalda millimizin rəqibi A yarımqrupunun birincisi olan Rusiya güləşçiləri olmuşlar. Finalda uduzan güləşçilərimiz turniri ikinci pillədə tamamlamışlar.
Yunan-Roma güləşi üzrə yığma komandamızı böyük məşqçi Şaban Donatın rəhbərliyi altında turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil etmişlər.
Görüşlərin idarə olunmasında Azərbaycandan beynəlxalq dərəcəli hakim Asif Şirəliyev iştirak etmişdir.