CƏMİYYƏT
Zabrat qəsəbə sakininin qətlə yetirilməsində iştirak etmiş digər şəxs də tutulmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun 6-da Sabunçu rayonunun Zabrat qəsəbəsində Kürdəmir rayon sakini Orxan Mehdiyev münaqişə zəminində qəsəbə sakini Andrey Sibizova bıçaqla xəsarət yetirmişdir. A.Sibizov aldığı xəsarətdən evində ölmüşdür.
O.Mehdiyev Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Andrey Sibizovun qətlə yetirilməsində iştirak etmiş digər şəxs - Bakı şəhər sakini Pərvin Qocayev də Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.