ELM VƏ TƏHSİL
“Ziyalı sözü” kitabı çapdan çıxıb
![“Ziyalı sözü” kitabı çapdan çıxıb](/files/2019/2/1200x630/15645739886135857351_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Maral Poladovanın “Ziyalı sözü” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 334 səhifəlik yeni nəşrdə Maral Poladovanın 2004-2018-ci illərdə “Elm və həyat” jurnalı, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “Respublika” və “Elm” qəzetlərində çap olunmuş məqalə və müsahibələri toplanıb. Kitab “Yazdıqlarım”, “Həmsöhbətlərimin dedikləri”, “Elm və həyat”ın tarixindən səhifələr”, “Yazılanlar”, “Mükafatlar və fotoyaddaş” bölmələrindən ibarətdir.
Kitabın “Ön söz”ünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.
Qeyd edək ki, 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maral Poladova Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” və “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnallarının məsul redaktorudur.