REGİONLAR
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində referenduma hazırlıq işləri davam edir
Tovuz, 3 sentyabr, Famil Quliyev, AZƏRTAC
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-a təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri “Təqvim planına” uyğun olaraq aparılır.
Dairə seçki komissiyasının sədri İlqar Hüseynov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 37 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 46 min 934 seçici var. Onlardan 592 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. 1218 seçicinin yaşı 80-100 arasındadır. Yüz yaşından yuxarı seçicilərin sayı isə 6 nəfərdir. Dairə üzrə ən yaşlı seçici Çaylı kənd sakini 106 yaşlı Nuriyeva Səkinə Alı qızıdır.
İ.Hüseynovun sözlərinə görə, bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Dairənin 8 məntəqəsində isə veb-kamera quraşdırılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin, seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib. Sentyabrın 6-dan isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanacaq.
Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı seçicilərə paylanılıb. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb.
Dairədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb.