ELM VƏ TƏHSİL
Respublika fənn müsabiqələri yekunlaşıb
Bakı, 19 iyun, AZƏRTAC
Təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə üçüncü respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkarlanması, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir.
Ölkənin bütün bölgələrindən beş fənn üzrə 1400-dək şagirdin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə test tapşırıqlarının cavablandırılması üçün iki saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, təhlil qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb.
Şagirdlər arasında fərdi nəticələrə görə qaliblərin müəyyənləşdirilməsi ilə yanaşı, hər bir rayon (şəhər) məktəblilərinin nəticələri komanda hesabında ümumiləşdirilərək rayon və şəhərlərin reytinq cədvəli də müəyyən ediləcək.
Xatırladaq ki, fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi bu ilin martında 14 min şagirdin iştirakı ilə bölgələrdə keçirilib.
Respublika fənn müsabiqələrinin nəticələri yaxın günlərdə www.olimp.istedad.edu.az saytında elan olunacaq.
2015-ci ildə keçirilən birinci fənn müsabiqələrinin nəticələrinə əsasən aşkara çıxarılan istedadlı şagirdlər artıq ölkəmizi müxtəlif beynəlxalq fənn olimpiadalarında təmsil edərək nailiyyətlər qazanıblar.