SİYASƏT
108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir
Ağstafa, 23 sentyabr (AZƏRTAC). 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.
Dairə seçki komissiyasının sədri Tamerlan Eyyubov AZƏRTAC-a bildirmişdir ki, maarifləndirici məqsəd daşıyan treninqlərdə bütün məntəqə sədrləri, katibləri və üzvləri mərhələ-mərhələ iştirak edəcəklər.
Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) treninq qrupunun üzvləri İmran Musayev və Kənan İbadov tərəfindən aparılır. Treninqlərdə məntəqə seçki komissiyasının üzvləri ilə birgə “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar”, “Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması” mövzularında müzakirələr aparılır.
Həmçinin treninq zamanı aşağı seçki komissiyasının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılır, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunur. Bundan əlavə, məşğələlərin yekununda MSK-nın hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilmin nümayiş etdiriləcəyi də nəzərdə tutulmuşdur.