10 MİN ƏDƏD MÜXTƏLİF MARKALI QANUNSUZ SİQARET TUTULMUŞDUR
Tovuz gömrükxanası əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı Ağstafa rayon sakini Faiq İsmayılovun idarə etdiyi “Qazel” markalı avtomaşından Rusiya istehsalı olan 10 min ədəd müxtəlif markalı qanunsuz siqaret tutulmuşdur. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, ümumiyyətlə, Azərbaycan-Gürcüstan sərhəddində gömrükçülərin çevikliyi və ayıq-sayıqlığı bir çox strateji malların qaçaqmalçılıq faktlarının qarşısını almağa imkan vermişdir. Belə ki, ötən yarım ildə Tovuz gömrükxanası tərəfindən qeydə alınmış 164 faktın 160-ı inzibati xəta, 4-ü isə cinayət işi olmuşdur. İnzibati xəta üzrə tutulmuş cərimələrin məbləği 61 milyon 527 min manat, müsadirə olunmuş malların dəyəri isə 32 milyon 261 min manat təşkil etmişdir. Hesabat dövrü ərzində gömrükxana tərəfindən 34 tondan çox neft məhsulu, 30 tondan çox spirt, 181 min qutu siqaret, 4 ton 454 kiloqram balıq, 21 ton 215 kiloqram mis, 4 min 200 kiloqram aliminium, 7 min 200 qutu müxtəlif adda dərman preparatları, 7 ton 325 kiloqram bitki yağı, 6 min 561 ədəd spirtli içki müsadirə olunaraq götürülmüşdür.