ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti Cahangir Novruzovla görüş

Bakı, 25 sentyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış aktyor və rejissor, Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir çox məzununun ölkənin nüfuzlu fəxri adlarını daşıdığını söyləyib. Rektor bildirib ki, onların bir çoxu bu gün doğma təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğuldurlar. Biz bütün məzunlarımızın uğurları ilə qürur duyuruq. Vaxtilə bu universitetdə təhsil almış görkəmli sənətkarlardan biri də Cahangir Novruzovdur. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun, səhnəmizin qüdrətli aktrisası, hamının sevimlisi Nəsibə Zeynalovanın yadigarı olan Cahangir müəllimin həm rejissor, həm aktyor, həm də pedaqoq kimi zəngin fəaliyyət yolu var. Görkəmli sənətkarımız uzun illərdir qardaş ölkə Türkiyədə yaşayır, orada yaradıcı və pedaqoji fəaliyyətini davam etdirir. Bu günlərdə Mədəniyyət naziri Əbülfəs Qarayev Cahangir müəllimə “Xalq artisti” adının nişanını və vəsiqəsini təqdim edib.

Ceyran Mahmudova deyib: “Biz də Bakıda olmasından istifadə edərək, Cahangir müəllimlə görüşmək təşəbbüsü ilə çıxış etdik. Düşünürəm ki, görkəmli sənətkarla görüş, onunla ünsiyyət tələbələrimiz üçün çox səmərəli olacaq”.

Cahangir Novruzov təbrikə və bu görüşün təşkilinə görə ADMİU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu universitet həmişə onun üçün doğma olub.

Aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında, Türkiyədəki fəaliyyəti, milli kino və teatr sənətinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışıb, tələbələrin suallarını cavablandırıb.

ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan sənət dostları, həmkarları ilə bağlı xatirələrini bölüşüb, dostluq münasibətlərindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.