ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Onlayn teatr” beynəlxalq virtual elmi konfrans keçirilib
Bakı, 14 may, AZƏRTAC
Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə “Onlayn teatr” beynəlxalq virtual elmi konfrans keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət (ADMİU) Universitetindən AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar sosial təcridolunma şəraitində fəaliyyət göstərən dünya teatrının aktual problemlərinə həsr olunan konfransda Azərbaycan, Qazaxıstan, Gürcüstan, Fransa, Rusiya, Bolqarıstan, Polşa, Belarus, İran, Pakistan, Meksika, Ukrayna, Türkiyə, Qırğızıstan və Özbəkistandan 60-dan çox teatr mütəxəssisi - teatr nəzəriyyəçiləri, praktiklər, teatr məktəblərinin pedaqoqları, həmçinin bir neçə tələbə iştirak edib.
Konfransı giriş sözü ilə açan Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov ötən ilin sonlarında yaranan bu beynəlxalq təşkilat və onun həyata keçirdiyi dünya miqyaslı və lokal layihələr haqqında məlumat verib.
Maraqlı diskussiya şəraitində keçən konfransda ADMİU-nun müəllimləri - Teatrşünaslıq kafedrasının rəhbəri, professor Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, həmçinin dissertant Tərlan Rəsulov məruzələrlə çıxış ediblər.
Konfransın ingilisdilli seksiyasında 44, rusdilli seksiyasında isə 55 nəfər iştirak edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası, Qazaxıstan Elmlər Akademiyasının M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Film Universiteti və Gürcüstan Müasir Tədqiqatlar Mərkəzinin tərəfdaşlığı, Teatro.az, Theatrelife.ge, Oner.kz saytlarının informasiya dəstəyi ilə baş tutan konfrans virtual məkanda geniş əks-səda doğurub.