SİYASƏT


Niderlandlı deputata Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin hakim "Azadlıq və Demokratiya naminə Xalq Partiyası"nın deputatı, Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvü Sven Koopmansla görüşüb.

Ölkəmizin Niderlanddakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Axundov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, Ermənistan tərəfindən bu ilin iyul-sentyabr aylarında Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar, son bir ayda tərəflər arasında üç dəfə atəşkəsin elan edilməsinə baxmayaraq, işğalçı dövlətin silahlı qüvvələri tərəfindən Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərinə və mülki əhalisinə raket hücumlarının edilməsi barədə məlumat verib. Həmçinin bildirib ki, oktyabrın 27-28-də Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində 25 mülki şəxs həlak olub, 84 nəfər yaralanıb. Səfir dünya ictimaiyyətinin, o cümlədən Niderland mətbuatının bu vandalizm aktlarına susduğunu və ya bu barədə qeyri-obyektiv məlumat yaydığını bildirib.

Səfir F.Axundov Niderlandın antitürk, antiİslam mövqeyində olan xristian təmayüllü populist partiyalarının Azərbaycana qarşı ədalətsiz, qeyri-konstruktiv münasibəti və ölkə ictimaiyyətini yanlış məlumatlandırması ilə bağlı narahatlığını bildirib, Ermənistan maraqlarını qoruyan millət vəkillərinin ölkəmizə qarşı sanksiyaların irəli sürülməsinə dair təkliflərin Azərbaycan–Niderland münasibətlərinə xələl gətirdiyini qeyd edib.

Diplomat, eyni zamanda, S.Koopmansın təmsil etdiyi hakim partiyanın Azərbaycana qarşı obyektiv mövqe tutduğuna, irqçi və milliyyətçi millət vəkillərinə ölkəmizə qarşı sanksiya tətbiqi ilə bağlı təkliflərinin hüquqi baxımdan qeyri-legitim olduğunu bildirdiyinə görə ona təşəkkür edib.

Səfir diqqətə çatdırıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu yalnız ölkəmizin işğal olunmuş ərazilərində yerləşdirilmiş legitim hərbi obyektləri hədəfə alır.

F.Axundov Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqlarını, onların bütün hüquqlarının Azərbaycan dövləti tərəfindən qorunacağını bildirib.

Görüşdə regiondakı geosiyasi münasibətlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.