CƏMİYYƏT
“Qobu Park”da məktəblilər mina və partlayıcı sursatlardan qorunmaq barədə maarifləndirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Niderlandın “Mine Mark” Fondunun təşkilatçılığı ilə Qaradağ rayonu, “Qobu Park-1” yaşayış kompleksində məktəblilər üçün mina və partlayıcı hərbi sursatlardan qorunmaq məsələsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə Ağdam rayon 32 nömrəli tam orta məktəbin bir qrup ibtidai sinif şagirdi iştirak edib. “Mine Mark” Fondunun həmtəsisçi və icraçı direktoru xanım Lalə Van der Kolk onlara mina və digər partlayıcı sursatlar haqqında məlumat verib, fondun maliyyə dəstəyi ilə uşaqlar üçün hazırlanmış buklet və jurnallar barədə danışıb. Mina təhlükəsizliyinə dair “özün boya” üslubunda şəkillərdən ibarət buklet və jurnallar şagirdlərə paylanılıb.
Mina və digər partlayıcı sursatlardan qorunmağa dair tövsiyələri uşaqların daha tez qavraya bilməsi üçün fondun hazırladığı interaktiv oyun elektron tətbiqi də məktəblilərə təqdim olunub. Elektron tətbiqlər məktəbin informatika kabinetindəki kompüterlərdə quraşdırılaraq şagirdlərə əyani şəkildə izah edilib. Mina təhlükəsizliyi sahəsindəki bu innovativ layihə həm məktəb rəhbərliyi, həm də şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “Mine Mark” Fondu tərəfindən Azərbaycan dilinə tərcümə olunan bu yenilik ilk dəfə ölkəmizdə tətbiq edilib. Layihənin əsas məqsədi mina və partlayıcı sursatların təhlükəsizliyinin daha aşağı yaş kateqoriyalarına çatdırılmasıdır. Adıçəkilən fond tərəfindən innovativ tədbir kimi paytaxt Bakıda həyata keçirilən bu layihənin gələcəkdə ayrı-ayrı bölgələrdə icrası planlaşdırılır.