SİYASƏT
1993-cü ilin 15 iyunu tariximizin parlaq səhifəsidir
Qax, 14 iyun (AZƏRTAC). Qax Rayon İcra Hakimiyyətinin konfrans zalında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə “15 İyun - tariximizin parlaq səhifəsidir” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə və çıxışlarda ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr ətraflı təhlil olunmuş, ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs edilmişdir. 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslər bir daha xatırlanmış, respublikamız vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyimizin məhv olmaq təhlükəsinin sovuşduğu, Azərbaycanın gələcək inkişafının təməlinin qoyulduğu xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikasının son illər əldə etdiyi uğurlar birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.