İQTİSADİYYAT
2015-ci il TASİM üçün həlledici olacaq
Bakı, 2 mart, AZƏRTAC
“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə çox böyük maraq göstərilir, hamı bunun tezliklə və uğurla həyata keçirilməsini gözləyir. Düşünürəm ki, 2015-ci il layihə üçün həlledici olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri TASİM layihəsinin rəhbəri Zaur Həsənov “infocity” nəşrinə müsahibəsində deyib.
TASİM-in həyata keçirilməsinin iştirakçı ölkələrdə genişzolaqlı internetə keçidin qiymətinə təsiri barədə sualı cavablandıran Z.Həsənov bildirib ki, trafik qiymətlərində endirim gözlənilir, lakin “hələ ki bu mövzuya toxunmuruq”.
Layihə rəhbəri deyib: “Yadda saxlamaq lazımdır ki, bu magistral operatorlar üçün nəzərdə tutulub. Sonuncu məntəqə provayderləri trafiki bu operatorlardan alacaq. TASİM bu ölkələrin topdansatışla məşğul olan, əsas telekommunikasiya biznesi şirkətləri üçün nəzərdə tutulub. Hansı yolla və neçəyə satmaq onların öz işləridir. Məsələn, biz “China Telecom”a “interneti ucuz satın” deyə bilmərik. TASİM-in işi ondan ibarətdir ki, trafiki operatorlara lazım olan həcmdə təqdim etsin. Bir şeyi əminliklə deyə bilərəm ki, layihənin Azərbaycanda həyata keçirilməsi data-trafikə və internetin sürətinə müsbət təsir edəcək”.
TASİM-ə BMT-nin marağından danışan layihə rəhbəri bildirib: “BMT-də kommunikasiya məsələləri ilə məşğul olan bir sıra strukturlar var. Onlar trafik həcminin artmasında və informasiya mübadiləsi sərbəstliyində bilavasitə maraqlıdırlar. Artıq üç rəsmi deklarasiya səviyyəsində bəyan edilib ki, BMT TASİM-i ən vacib layihələrdən biri hesab edir və bizə böyük ümidlər bəsləyir. Layihə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən regional transsərhəd yerüstü rabitənin əsas nümunəsi kimi qeydə alınıb. Bu onu göstərir ki, biz regionun əlaqələndirici hissəsi oluruq. Bununla yanaşı, TASİM operatorlarına “UN Connectivity” komissiyasının daimi üzvü olmaq təklifi edilib. Bu da layihənin uğurla həyata keçirilməsinə olan marağı bir daha təsdiqləyir. Hamı başa düşür ki, gələcəkdə çox şey bu layihənin reallaşdırılmasından asılı olacaq”.
Cari ildə layihə ilə bağlı görüləcək işlər barədə sualı cavablandıran Z.Həsənov müvafiq istiqamətdə bir sıra ciddi tədbirlərin keçiriləcəyini deyib. O deyib: “Konkret danışıqlar bərpa edilib. Nazirlər səviyyəsində görüşlər keçirilib, layihənin inkişafını ləngidən məsələlərin həlli yolları müzakirə edilib. Əsas odur ki, layihənin bütün iştirakçıları konsorsium yaradılması sənədinin imzalanması üçün başlanğıc olacaq marşrutların razılaşdırılmasına səmimi istəklərini göstərirlər. Bundan sonra isə şəbəkə və texnologiyanın müəyyən ediləcəyi, lazımi avadanlığın və digər təşkilatı məsələlərin həll olunacağı mərhələ başlayacaq. 2015-ci il komandamız və bütövlükdə TASİM üçün həlledici və çox məzmunlu bir il olacaq”.
TASİM –layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Layihənin əsas iştirakçıları Qazaxıstan və Azərbaycandır. Layihəyə həmçinin Rusiya (“Rostelekom”), Türkiyə “Turk Telecom İnt”) və Çin (“China Telecom”) cəlb edilib.