İDMAN
2018-ci il Formula-1 Azərbaycan Qran-prisi üçün bilet satışına noyabrda start veriləcək
Bakı, 31 oktyabr, AZƏRTAC
2018-ci ildə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi üçün bilet satışına noyabrın 6-dan start veriləcək.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, satışa başlandıqdan sonra ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yeni mövsümdə yerli tamaşaçılar üçün xüsusi endirimlərin olacağını bildirib: “Hər ötən il bir əvvəlki illə müqayisədə daha çox yerli azarkeşin bilet alaraq yarışın bütün sessiyalarında, həmçinin yarışdan kənarda onlar üçün hazırladığımız əyləncə proqramlarında, xüsusən də dünya ulduzlarının iştirakı ilə baş tutan möhtəşəm konsertlərdə böyük coşqu ilə iştirak etməsi bizi çox sevindirir. Biz növbəti il yarışa daha çox yerli tamaşaçı cəlb etmək üçün müxtəlif endirimlər təklif edəcəyik. Bununla bağlı ilk satış kampaniyamız noyabrın 6-da başlayacaq və həmin gün biz ölkə ictimaiyyətinə yarış həvəskarları üçün təklif olunan xüsusi endirimlərin detallarını açıqlayacağıq. İnanırıq ki, növbəti yarışda rekord göstəricidə tamaşaçı iştirakına nail olacağıq”.
Qeyd edək ki, 2018-ci il Formula-1 Azərbaycan Qran-prisini izləmək istəyən tamaşaçılara trekin müxtəlif yerlərindən yarışı izləməyə imkan verən və 30 min yerlik tutumu olan tribuna və ayaqüstü zonalar təklif edilir.