CƏMİYYƏT
Qurban Yetirmişli: Palçıq vulkanları ətrafında 10 seysmik stansiya quraşdırılıb
Bakı, 29 mart, AZƏRTAC
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var. Mərkəz beynəlxalq əməkdaşlıq məsələlərinə hər zaman xüsusi önəm verir. Həmin əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elm Gününə həsr olunmuş konfrans-sərgidə deyib.
Ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlərin imzalandığını qeyd edən baş direktor Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunmuş razılaşmaların gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Q.Yetirmişli çıxışında dünyada ilk olaraq Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının həmin stansiyalar vasitəsilə öyrəniləcəyini də qeyd edib: “Palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyadan 10-u quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq”.
Konfrans-sərgidə, həmçinin RSXM-nin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ, son 120 ildə Azərbaycanda aparılan seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar və seysmoloji tədqiqatların inkişaf tarixinə həsr olunmuş təqdimatla çıxış edib. 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanıldığını bildirən şöbə müdirinin sözlərinə görə, ötən əsrin əvvəllərində istifadə olunan seysmik cihazların yazıları Tbilisidəki arxivdə saxlanılır. Həmin yazıların elmi baxımdan olduqca qiymətli olduğunu deyən Tahir Məmmədli bildirib ki, zamanla bütün sahələrdə inkişaf getdiyi kimi seysmik cihazların istehsalı sahəsində də modernləşmə olub.
Şöbə müdiri, həmçinin mərkəzdə geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparıldığını da qeyd edib.
Qeyd edək ki, konfrans-sərgidə son 120 ildə ölkəmizdə aparılan seysmik tədqiqatlar zamanı istifadə olunan cihazlarla bağlı təqdimat da nümayiş etdirilib.