Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi, peşəkar bilik və bacarıqların artırılması, eləcə də etik davranışın sistemli şəkildə təhlili və monitorinqinin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
İlkin olaraq təkmilləşdirilmiş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qayda”nın müzakirəsi zamanı qeyd olunub ki, layihəyə edilən dəyişikliklər auditor xidmətlərinin keyfiyyətinə kənar nəzarət mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasına, Palata tərəfindən risk əsaslı yanaşmanın tətbiqinin genişləndirilməsinə və auditor fəaliyyətində şəffaflığının artırılmasına xidmət edir. Vurğulanıb ki, Qaydanın təkmilləşdirilməsi Beynəlxalq Audit Standartlarının tələbləri, eləcə də Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük və keyfiyyətə nəzarət üzrə müəyyən etdiyi prinsiplər nəzərə alınmaqla həyata keçirilmişdir. Bu yanaşma Auditorlar Palatasının audit fəaliyyətinin keyfiyyətinə kənar nəzarət üzrə metodoloji baxımdan gücləndirilməsinə, nəzarət prosedurlarının vahid beynəlxalq standartlar əsasında həyata keçirilməsinə, habelə aparılmış auditlərin nəticələrinin obyektiv qiymətləndirilməsinin təmin olunması məqsədini daşıyır.
Gündəliyin növbəti məsələsi Auditorlar Palatasının üzvlərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklərinin artırılması məqsədilə təlimlərin keçirilməsi ilə bağlı olub. Palatanın üzvü, sərbəst auditor Şamxal Kərimov tərəfindən təqdim edilən tədris proqramının müzakirəsi zamanı qeyd olunub ki, IFRS üzrə biliklərin davamlı şəkildə yenilənməsi auditorların peşəkar ixtisas səviyyəsinin artırılması, maliyyə hesabatlarının düzgün və obyektiv qiymətləndirilməsi, habelə beynəlxalq maliyyə bazarlarının tələblərinə uyğun auditor xidmətlərinin göstərilməsi baxımından yüksək əhəmiyyətə malikdir. Xüsusilə, IFRS 9 “Maliyyə alətləri”, IFRS 15 “Müştərilərlə müqavilələr üzrə gəlirlər”, IFRS 16 “İcarələr” və IFRS 17 “Sığorta müqavilələri” kimi standartların tətbiqi üzrə praktiki biliklərin artırılması audit proseslərinin keyfiyyətinə birbaşa təsir göstərir. Təlimlərin keçirilməsi Palata üzvlərinin peşəkar inkişafının təmin olunmasına, milli audit bazarında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə və beynəlxalq təcrübəyə uyğun fəaliyyətin təşviqinə yönəlmiş mühüm addım kimi qiymətləndirilib.