Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub
Ankara, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Türkiyənin şimal-şərqindəki Artvin vilayətinin Şavşat rayonunda qar üzərində karakucak güləş növü üzrə 29-cu beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, bir çox cəhətdən sərbəst güləş qaydalarına uyğun olan bu növ üzrə yarışlarda Türkiyənin müxtəlif bölgələrindən, həmçinin Azərbaycan və Gürcüstandan 148 pəhləvan iştirak edib.
Turnir dəniz səviyyəsindən 1370 metr yüksəklikdə yerləşən Veliköy adlı ərazidə keçirilib. Burada 10 çəki dərəcəsi üzrə yarışlar təşkil olunub.
Maraqlı turniri izləyənlər arasında Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev də olub.
Yarışların baş pəhləvanı Ərzurumdan olan güləşçi Kenan Gör elan edilib. Qaliblər sırasında azərbaycanlı Murad Hacızadənin də adı var.
Artvin valisi Turan Ergün mükafatlandırma mərasiminin iştirakçılarına müraciətində bildirib ki, vilayətdə keçirilən bu unikal güləş turnirinin artıq üç əsrdən çox tarixi var. O vurğulayıb: “Karakucak güləş növü vilayətimizdə turizmin lokomotivlərindən biridir”.
Turnirin qaliblərinə ümumi fondu 191 min türk lirəsi (təqribən 7,4 min manat) məbləğində pul mükafatları təqdim olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara