Hidrogeoloq: Yeraltı suların monitorinqi və müşahidə işləri sistemli şəkildə davam etdirilir
Bakı, 6 fevral, P.Qafarova, AZƏRTAC
Geoloji Kəşfiyyat Agentliyində aparılan hidrogeoloji tədqiqatlar yeraltı su ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədqiqatlar nəticəsində yeraltı su yataqlarının həcmi, keyfiyyəti, qidalanma mənbələri və istismar imkanları müəyyən edilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında geoloji mühəndislik və hidrogeologiya üzrə ixtisaslaşmış layihə meneceri, hidrogeoloq Fikrət Dünyamalıyev bildirib.
Hidrogeoloq qeyd edib ki, Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində respublika ərazisində mövcud kəhriz komplekslərinin yenidən qiymətləndirilməsi və bərpası üzrə təkliflərin hazırlanması xüsusi yer tutur. Onun sözlərinə görə, bu işlər kəhrizlərin texniki vəziyyətinin, su məhsuldarlığının və hidrogeoloji şəraitinin təhlilini əhatə edir.
F.Dünyamalıyev diqqətə çatdırıb ki, kəhriz komplekslərinin bərpası xüsusilə dağətəyi və yarımsəhra zonalarında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, kənd təsərrüfatında suvarma imkanlarının genişləndirilməsi və su ehtiyatlarından ekoloji cəhətdən dayanıqlı istifadənin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda, Geoloji Kəşfiyyat Agentliyi tərəfindən mineral-termal su məntəqələrinin də müayinəsi aparılır. Bu tədqiqatlar çərçivəsində suların kimyəvi tərkibi, temperatur rejimi, debiti və istifadə potensialı qiymətləndirilir. Mineral-termal su ehtiyatlarının öyrənilməsi onların balneoloji, turizm, səhiyyə və iqtisadi baxımdan səmərəli istifadəsi üçün elmi əsaslar formalaşdırmaqla yanaşı, bu ehtiyatların qorunmasına və düzgün idarə olunmasına da xidmət edir”.
Fikrət Dünyamalıyev vurğulayıb ki, bu istiqamətdə aparılan tədqiqatlar həm ənənəvi su mənbələrinin mühafizəsinə, həm də alternativ su ehtiyatlarının ölkənin su balansında rolunun artırılmasına mühüm töhfə verir: “Hazırda yeraltı suların monitorinqi və müşahidə işləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sistemli şəkildə davam etdirilir ki, bu da su ehtiyatlarında baş verən dəyişikliklərin operativ izlənilməsinə və dayanıqlı idarəetmə qərarlarının qəbuluna imkan yaradır”.