REGİONLAR
20 Yanvar - qürur və şərəf tariximiz
Beyləqan, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifələrindən biri, qürur və şərəf tariximizdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocavənd Rayon Gənclər və İdman İdarəsinin Tuğ kənd 1 nömrəli tam orta məktəblə birgə təşkil etdiyi “20 Yanvar - qürur və şərəf tariximiz” adlı dəyirmi masada səsləndirilib. Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin yad olunması, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, müstəqillik uğrunda mübarizə tariximizə nəzər salınması məqsədi ilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə çıxış edənlər müstəqilliyimiz uğrunda mübarizə tariximiz, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb, mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib.