QAN YADDAŞI
20 Yanvar faciəsi azadlığa gedən yolun başlanğıcı oldu
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetində anım tədbiri keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, mərasimdə giriş nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 1990-cı il 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli və ən şərəfli səhifələrindən biri kimi daxil olduğunu qeyd edib: “Azərbaycan xalqının tarixində elə hadisələr var ki, milli yaddaşımızda daim qalacaq. Bu tarixlərdən biri də məhz 20 Yanvardır. Həmin tarix milli müstəqilliyə, azadlığa gedən yolun başlanğıcı oldu. Çünki məhz belə hadisələr insanın milli şüurunu dəyişdirir”.
1990-cı ilin yanvar gecəsi ilə bağlı xatirələrini bölüşən ATU rektoru professor Gəray Gəraybəyli həmin gün insanların küçələrə axışdığını bildirib: “Həmin gecə televiziya işləməsə də, insanlar daxili çağırışla küçələrə çıxmışdı. Heç bir post, BTR insan axınının qarşısını ala bilmədi. 20 Yanvar şəhidlərinin dəfn günü milli şüurumuzun dəyişmə nöqtəsi idi”.
Rektor xatırladıb ki, həmin gecə ATU əməkdaşları, həkimlər də gülləyə tuş gəliblər. Səhiyyə işçiləri çox ağır şəraitdə yaralıların həyatının xilası uğrunda savaşıblar. 20 Yanvar hadisələri zamanı Tibb Universiteti 9 şəhid verib.
Sonra 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra ATU-nun ictimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov, 3-cü cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan Qanlı Yanvar gecəsi haqqında xatirələrini bölüşüblər. İctimai səhiyyə fakültəsinin 6-cı kurs tələbəsi Fidan Həsənli tələbələr adından çıxış edərək müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərin heç zaman unudulmayacağını, onların şücaət və qəhrəmanlıqlarının gənclərə və böyüməkdə olan nəsillərə örnək olacağını və şəhidlərin əziz xatirəsinin daim xatırlanacağını deyib.
Çıxışlarda qeyd olunub ki, ümumxalq hərəkatında azərbaycanlı həkimlər, Tibb Universitetinin məzun və tələbələri, həmçinin universitetin əməkdaşları hər zaman öndə olublar. Universitetin həyətində şəhid olan əməkdaşların xatirəsini əks etdirən abidə ucaldılıb. Lakin indi həmin abidə yenilənmək ərəfəsindədir. Həmin kompleksə İkinci Qarabağ müharibəsində şəhid olmuş ATU məzunlarının adları da həkk olunacaq.