QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Dövlət Sərhəd Xidmətində yad edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə çıxış edənlər xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, əksinə, milli azadlıq mübarizəsinin daha da gücləndiyini qeyd ediblər. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.

Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb.

Çıxışlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərdiyi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul etməsi barədə ətraflı məlumat verilib.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib. Həmçinin şəxsi heyət xüsusi hazırlanmış sərgilərlə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.