CƏMİYYƏT
22 aprel- Beynəlxalq Yer Günüdür
Bakı, 22 aprel, AZƏRTAC
Beynəlxalq Yer Gününün keçirilməsi ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton “Yaşıllaşdırma Günü”nün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadla xəbər verir ki, 1990-cı ildən başlayaraq bu təqvimin əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, onların həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
Hər il bir mövzu əsasında qeyd edilən “Yer günü”nün builki şüarı “Ətraf mühit və iqlim bilikləri”dir.
Artıq otuz ildir ki, dünyanın bir çox ölkəsində həmin gün qeyd olunur. Əgər 1970-ci ildə ilk dəfə Beynəlxalq Yer Gününün qeyd olunmasında 20 milyon insan iştirak edibsə, indi bu rəqəm on dəfə çoxdur. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. Beynəlxalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.
22 aprel Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlxalq Yer Günü ərəfəsində nazirlik həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.