ELM VƏ TƏHSİL


BDU-da beynəlxalq elmi konfrans: Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” adlı beynəlxalq elmi konfransın açılışı olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov çıxış edərək BDU-da son dövrlərdə aparılan elmi-tədqiqat işlərinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması üçün görülən işlərdən, yeni yaradılmış laboratoriya və mərkəzlərdən danışıb. Bildirilib ki, məhz bunun nəticəsində BDU-nun Hirş indeksi 53-ə çatıb. Tədqiqat universitetinə çevrilməyi hədəfləyən BDU-da elmi tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

M.Süleymanov vurğulayıb ki, keçirilən konfransın məqsədi mürəkkəb və qeyri-xətti sistemlər fizikasında az öyrənilmiş bəzi məsələləri, son nailiyyətləri və inkişaf perspektivlərini təqdim və müzakirə etməkdir.

Sonra İtaliyanın İnsubria Universitetinin professoru Giulio Kasati konfransın mövzusunun dünyanın inkişaf etmiş ölkələrində uzun müddət araşdırıldığına diqqət çəkib, ABŞ, Avropa, Çin, Yaponiya və Avstraliyada da bu mövzuda tədbirlərin təşkil olunduğunu deyib.

Qeyd edilib ki, beynəlxalq konfrans ilk dəfə 2013-cü ildə Səmərqənddə (Özbəkistan) keçirilib. Giulio Kasati beynəlxalq konfransın Mərkəzi Asiya, Qafqaz və digər inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarının Avropa, ABŞ və Yaponiya alimləri ilə əməkdaşlığının qurulmasına dəstək verəcəyinə əminliyini vurğulayıb.

Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” adlı mövzuları əhatə edir.

Bir çox ölkələrdən olan tanınmış alim-mütəxəssislərin iştirak etdiyi tədbirdə Riçardo Adami (Turin Politexnik Universiteti, İtaliya), İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Matthias Ehrhardt (Vuppertal Universiteti, Almaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Veytsman İnstitutu, İsrail), Theo Geisel (Gottingen Universiteti, Almaniya), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (Tbilisi Dövlət Universiteti, Gürcüstan), Mikhail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan) və başqalarının məruzələri nəzərdə tutulub.

Konfrans 3 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.