HEYDƏR ƏLİYEV - 100


Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin iyunu

Bakı, 2 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

4 iyun. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ordu quruculuğuna həsr olunmuş müşavirə keçirdi.

7 iyun. Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etdi.

9-10 iyun. Türkiyədə işgüzar səfərdə oldu.

13 iyun. “Rossiyskaya qazeta”nın müxbirinə müsahibə verdi.

16 iyun. İsrailin Azərbaycandakı səfirini qəbul etdi.

20 iyun. Aşura günü ilə əlaqədar Bakıdakı Təzəpir məscidini ziyarət etdi.

21 iyun. Respublika iqtisadiyyatında və digər sahələrdə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirdi.

23 iyun. Xalq şairi Xəlil Rza Ulutürklə vida mərasimində iştirak etdi.

24 iyun. Səttarxan adına zavodun 100 illiyi münasibətilə müəssisənin kollektivi ilə görüşdü.

28 iyun. Bakı ilə London arasında birbaşa peyk telefon rabitəsi xəttinin açılış mərasimində iştirak etdi.

XXX

Ulu Öndər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verirdi. Bu münasibətlərin əsası Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri olarkən qoyulmuşdu. Sonralar dövlət başçılarının, eləcə də yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri iki qardaş ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoydu. Belə səfərlərdən biri 1994-cü il iyunun 9-10-da oldu. Türkiyənin dövlət və hökumət başçıları ilə görüşlər keçirən Heydər Əliyev fürsətdən istifadə edərək, Böyük Britaniya, İsveç, ABŞ və Yunanıstanın yüksəkvəzifəli şəxsləri ilə də danışıqlar apardı. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan ilk addımlar kimi tarix səhifələrinə yazılırdı.

Heydər Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, milli maraqları qətiyyətlə müdafiə etməsi, ölkənin dünyaya inteqrasiyası istiqamətində gördüyü effektiv işlər xarici mətbuatın da diqqətindən yayınmırdı. Ulu Öndər KİV-ə verdiyi müsahibələrdə beynəlxalq arenada Azərbaycana münasibət, respublikamızın geosiyasi mövqeyi barədə mülahizələrini bildirir, fikirlərini açıq söyləməkdən çəkinmirdi. Bu baxımdan onun “Rossiyskaya qazeta”ya müsahibəsi də diqqət çəkir. Müxbirin suallarından biri Qafqazdakı vəziyyət, Rusiyanın bu regiona münasibətdə dəqiq konsepsiyanın olub-olmaması barədə idi. Sualı tarixi faktlara və mövcud reallığa əsaslanaraq cavablandıran Heydər Əliyev demişdi: “Rusiyanın hansısa dəqiq mövqeyinin olub-olmamasını demək mənə çətindir. Amma fakt odur ki, Qafqaz çox mürəkkəb regiondur, daha düşünülmüş, ölçülüb-biçilmiş, çox müdrik mövqe tələb edir, Rusiya isə böyük ölkədir. Qafqaz 200 ildən artıqdır onun tərkibindədir – istər çar Rusiyası olsun, istərsə də Rusiyanın hakim olduğu SSRİ. Rusiya da bütün Qafqaz respublikalarına eyni münasibət bəsləməlidir. Əgər bu və ya digər tərəfə sarı meyil olsa, bu, vəziyyətin mürəkkəbləşməsinə və nəticə etibarilə onun regionda nüfuzunun itirməsinə gətirib çıxaracaq. Təkrar edirəm, Rusiyanın hansı xalqla tarixən daha çox bağlı olduğundan, dini mənsubiyyətdən asılı olmayaraq ölçülüb-biçilmiş mövqeyi olmalıdır. Mənə elə gəlir ki, məhz bu halda həm Rusiyanın Qafqazda daha böyük nüfuzu olacaq, həm də Qafqazda daha çox sakitlik təmin ediləcək. Qafqazda daha çox sakitlik isə Rusiyada daha çox sakitlik deməkdir”.

Bu fikrin səsləndiyi vaxtdan 28 il ötüb. Ulu Öndərin uzaqgörənliyinin daha bir sübutu kimi bu gün Qafqazdakı vəziyyətə, Rusiyanın region ölkələrinə münasibətinə nəzər salmaq kifayət edər.

1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı dərin böhran keçirirdi. Dövlət müəssisə və təşkilatlarının maliyyə və kredit ehtiyatlarından səmərəsiz istifadə olunması, əsassız surətdə qeyri-dövlət strukturlarına yönəldilməsi öz mənfi təsirini göstərirdi. Eyni zamanda, əməkhaqqının və valyuta bazarının tənzimlənməsinin dəqiq mexanizmi yox idi. Nəticədə əhalinin sosial vəziyyəti çətinləşirdi. Bütün bunları nəzərə alan Heydər Əliyev 1994-cü il iyunun 15-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman imzaladı. İyunun 21-də isə respublika iqtisadiyyatında və digər sahələrdə cari məsələlərə həsr olunmuş müşavirə keçirdi. Dahi rəhbər müşavirədəki çıxışında əhalinin sosial vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün imkanlardan istifadə edilməsində problem yaradan halları açıb göstərdi və xalqın mənafeyini hər şeydən üstün tutmağa çağırış etdi: “İqtisadiyyatla bilavasitə məşğul olan şəxslər öz üzərilərinə düşən vəzifələri ciddi şəkildə, qətiyyətlə yerinə yetirməlidirlər, – axı onlar siyasi məsələlərlə, müharibə məsələləri ilə məşğul olmurlar. Təəssüf ki, biz buna hələ nail olmamışıq...

İndi iqtisadiyyatımızda vəziyyət nə qədər ağır olsa da, xalqın sosial vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün imkanlarımız var. Lakin bu imkanlardan istifadə etmək üçün vəzifəli şəxslər, nazirlər, idarə rəhbərləri, müxtəlif rəhbər işçilər, o cümlədən şəhər, rayon icra hakimiyyəti başçıları gərək doğru-düzgün, ədalətli yollarla getsin, düz işləsin və xalqın mənafeyini, respublikanın mənafeyini hər şeydən üstün tutsunlar”.

Həmin dövrdə ordu quruculuğu bir nömrəli məsələ kimi gündəmdə idi. Müstəqil respublika üçün güclü ordunu vacib hesab edən Ulu Öndər deyirdi: “Bu gün, torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava və su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Dünyada heç bir müstəqil dövlət ordusuz yaşaya bilməz, xüsusən də yenicə müstəqillik qazanmış və belə mürəkkəb regionda yaşayan Azərbaycan dövləti. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur”.

Bugünkü Azərbaycan Ordusu Heydər Əliyevin vaxtilə arzuladığı, görmək istədiyi ordudur. Məhz bu ordu 30 illik işğala son qoydu, Qarabağda üçrəngli bayrağımızı ucaltdı, bizi qalib xalqa çevirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.