CƏMİYYƏT
Məktəb şagirdləri Dövlət Sərhəd Xidməti Akademiyasında ekskursiyada olublar
Bakı, 30 mart, AZƏRTAC
Martın 29-da Xətai rayonunda yerləşən 204 və 269 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərində sərhədçi peşəsinə marağın artırılması və hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyalar təşkil edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Akademiya rəhbərliyi və qonaqlar əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.
Sonra tədbir iştirakçılarına Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin Sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksəkixtisaslı hərbi-pеdaqoji hеyət barədə geniş məlumat verilib.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində məktəblilər, kursantların dərs prosesi və məişət şəraiti ilə yaxından tanış olublar.