ELM VƏ TƏHSİL
27 nömrəli tam orta məktəbin XI sinif şagirdləri məktəbə əlvida deyib VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də 27 nömrəli tam orta məktəbdə “Son zəng” qeyd olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Məktəbin direktoru Könül Həsənova məlumat verib ki, rəhbəri olduğu təhsil müəssisəsində ümumilikdə 2 min 274 şagird təhsil alıb, onlardan 114 nəfəri bu il məzun adını qazanıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan idarə müdiri həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini vurğulayıb. Mehriban Vəliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilə göstərilən dövlət qayğısının Azərbaycanda yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə və millətin daha aydın sabahına xidmət etdiyini diqqətə çatdırıb.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Qeyd edək ki, “Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə və açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunub.
Xatırladaq ki, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, ümumilikdə 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olub. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 min 847 şagird təhsil alıb.
2020-2021-ci tədris ilində paytaxtdakı məktəblərdə IX sinifləri 34 min 874, XI sinifləri 20 min 24, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər başa vurub.