SİYASƏT
28 May Respublika Günündə Kocaeli şəhərində “Azərbaycan Evi”nin açılışı olacaqdır
Ankara, 1 fevral (AZƏRTAC). Türkiyənin Kocaeli şəhərində “Azərbaycan Evi” üçün ayrılmış binanın təmirinə başlanılmışdır.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar bildirmişdir ki, bina keçən ilin fevralında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Kocaeli bələdiyyəsi arasında imzalanmış protokola əsasən ayrılmışdır. Bina Azərbaycanın dövlət bayramı – 28 May Respublika Günündə istifadəyə veriləcəkdir.
“Azərbaycan Evi”ndə Azərbaycanın zəngin ədəbiyyatını və tarixini əks etdirən eksponatlardan ibarət kitabxana və muzey yaradılacaqdır.
Bundan başqa, Kocaeli şəhərindəki Anadolu liseyinin və Azərbaycandakı məktəblərdən birinin nümayəndələrinin aprel ayında qarşılıqlı səfərlərinin təşkili barədə danışıqlar aparılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara