ELM VƏ TƏHSİL
31 dekabr - dünya azərbaycanlılarının milli birlik günüdür
Bakı, 31 dekabr (AZƏRTAC). Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər həmin günün əhəmiyyətindən danışaraq bildirmişlər ki, 31 dekabr planetin müxtəlif guşələrində yaşayan azərbaycanlıların milli birlik, həmrəylik günü olduğu üçün soydaşlarımız tərəfindən əlamətdar bayram kimi qeyd edilir. Respublikamız müstəqillik qazandıqdan sonra əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin ölkəmizlə əlaqələrinin möhkəmlənməsi, dünya azərbaycanlıları arasında birliyə və həmrəyliyə nail olunmasıdır.
Bildirilmişdir ki, Azərbaycanın gələcək inkişafı dünyanın müxtəlif ölkələrinə səpələnmiş hər bir azərbaycanlının qazandığı uğurlardan da çox asılıdır. Buna görə də, hansı ölkədə yaşamalarından asılı olmayaraq, həmvətənlərimiz dövlət müstəqilliyimizin qorunub möhkəmlənməsi barədə düşünməli və bunun üçün əllərindən gələni etməlidirlər.
Tədbir çərçivəsində “Azərbaycan-ana Vətən” mövzusunda fotostend, məktəblilərin Həmrəylik Gününə həsr edilmiş rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Şagirdlər “Azərbaycanlılar və azərbaycançılıq” mövzusunda ədəbi-bədii kompozisiya təqdim etmiş, Vətən, birlik, Yeni il mözusunda şeirlər, mahnılar səsləndirmişlər.
Bayram şənliyi möhtəşəm “Azərbaycan” mahnısının sədaları altında başa çatmışdır.