DÜNYA
34 il bundan əvvəl Vladimir Vısotski vəfat edib
Bakı, 26 iyul (AZƏRTAC). Vladimir Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olub. Müharibə dövründə onun atası başqa bir qadının yanına gedir, anası isə ikinci dəfə ailə qurur. Ögey atası ilə münasibətləri mürəkkəb olan balaca Vladimir atasının yanına qayıdır. Onlar təqribən üç il Almaniyada, sonra isə yenidən Moskvada yaşayıblar.
1955-ci ildə Vısotski Moskva İnşaat Mühəndisləri İnstitutuna qəbul olunur, lakin az sonra həmin institutu tərk edərək Moskva Akademik Bədaye Teatrının məktəb-studiyasına daxil olur. 1959-cu ildə V.Vısotski ekranda ilk rolunu oynayır. Bu, V.Ordınskinin “Yaşıdlar” filmində epizodik rol idi. Elə həmin ildə o, Moskva Dövlət Universitetinin tələbə klubunun səhnəsində öz mahnılarını oxumağa başlayır.
Sonrakı dövrdə V.Vısotski “Aşpaz qadın”, “Vertikal”, “Don Juan”, “Müdaxilə”, “Təhlükəli qastrollar”, “Yeganə”, “Çar Pyotrun ərəbi evləndirməsi haqqında nağıl” filmlərində və “Görüş yerini dəyişmək olmaz” serialında - ümumilikdə 30-a yaxın rolda, o cümlədən baş rollarda çıxış edir.
Taqanka teatrının tamaşaçıları “Hamlet”, “Puqaçov”, “Zəmanəmizin qəhrəmanı”, “Albalı bağı”, “Cinayət və cəza” və başqa əsərlərdə Vısotskinin yaratdığı obrazları hələ də xatırlayırlar.
Vısotski 700-dən çox mahnı yazıb və ifa edib. Bu mahnılar vaxtilə çox populyar idi. Sənətçinin pərəstişkarlarının çoxu məhz bu mahnıları dinləmək xatirinə maqnitofon alırdılar.
Vısotski üç dəfə evlənib. Üçüncü arvadı Marina Vladi onun ilham pərisi, həyatının son 12 ilində ona dəstək idi.
Alkoqola və narkotiklərə aludə olması V.Vısotskinin səhhətini sarsıtdı. 1980-ci il iyulun 25-də onun ürəyi həmişəlik dayandı. Həmin günlədə Moskvada Olimpiya Oyunları keçirilirdi. Qəzetlərdə dərc edilmiş kiçik nekroloq idman rekordları barədə xəbərlər arasında itib-batdı. Üstəlik, “Veçernyaya Moskva” qəzetinin redaktoru bu məlumatın dərc edilməsinə görə vəzifəsini itirdi.
V.Vısotskinin ölümü haqda rəsmi informasiyanın yox dərəcəsində olmasına baxmayaraq şair və aktyoru son mənzilə yola salmağa gələnlərin sayı-hesabı yox idi. O dəfn edilən gün taybatay açılmış pəncərələrdən onun mahnıları eşidilirdi. V.Vısotski Moskvada, Vaqankovskaya qəbiristanında dəfn edilib.