DÜNYA


3D-printer vasitəsilə insan orqanizminin müxtəlif toxumaları çap olunub VİDEO

Roma, 16 fevral, AZƏRTAC

“Wake Forest Baptist” tibbi mərkəzinin direktoru Antoni Atala bir qrup gənc tədqiqatçı ilə birgə insan orqanizminin müxtəlif toxumalarını çap edə bilən 3D-printer hazırlayıb. 10 ildən çoxdur qrupun üzərində çalışdığı insan orqanlarını çap edə bilən 3D-printer uğurla sınaqdan keçirilib.

ANSA agentliyinin məlumatına görə, “İnteqrasiya olunmuş toxuma və orqan çap sistemi” (ITOP) adlandırılan printer vasitəsilə insan bədəninin müxtəlif orqanlarının formalaşdırılması mümkündür. Printer toxumaya forma vermək üçün parçalanmaq qabiliyyətinə malik plastik materiallar və hüceyrələrin əsasının qoyulması üçün maye tərkibli bioloji mürəkkəb vasitəsilə işləyir. Yeni toxumanın insan bədəninə uyğunlaşması və vaskulyarizasiyası üçün tədqiqatçılar onun daxilinə mikrokanallar yerləşdiriblər. Bu da öz növbəsində toxumanın oksigen və qanla təmin olunmasına imkan yaradır.

3D-printer vasitəsilə yaradılmış ehtiyat toxuma siçanın dərisi altına yeridilib. Bir neçə aydan sonra yeni toxumanın siçanın bədənindəki mövcud toxumalarla müvəffəqiyyətlə inteqrə olunduğu, yeni qan damarlarının və sinirlərin formalaşdığı müşahidə olunub. Tədqiqatçılar bu layihənin hələ toxuma çap edən 3D-printerin istehsalı istiqamətində ilk mərhələ olduğunu deyiblər.

Layihə haqqında məlumat verərkən A.Antoni deyib: “Araşdırmalarımız yeni toxumanın çapı zamanı istifadə etdiyimiz bioloji mürəkkəbin və mikrokanalların hüceyrələri canlı saxladığını, onları dəstəklədiyini və toxumanın inkişafına imkan yaratdığını göstərir. Bu yeni toxuma və orqan yaratma sistemi gələcəkdə müxtəlif pasientlərdə toxumaların dəyişdirilməsi üçün istifadə oluna bilər. Müvafiq qurğu istənilən formada standart insan toxumasına bənzəyən toxuma formalaşdırmaq qabiliyyətinə malikdir”.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.