DÜNYA
41 ildə Portuqaliya ərazisinin yarısı yanıb
Lissabon, 29 iyul, AZƏRTAC
Portuqaliya İctimai Rifah Naminə Məlumatlar haqqında Elm Assosiasiyası hər il yayda Portuqaliyada baş verən yanğınlar haqqında şok faktlar dərc edib.
AZƏRTAC xəbər verir ki, bu tədqiqat 1980-2021-ci illəri, yəni 41 illik dövrü əhatə edir. Assosiasiyanın məlumatına görə, bu müddətdə Portuqaliya ərazisinin 55 faizi və ya 4.858.330 hektar sahə yanıb. Bu, Madeyra arxipelaqı və Azor adaları istisna olmaqla ölkə ərazisinin yarısına ekvivalentdir.
Portuqaliya Təbiəti Mühafizə və Meşə Təsərrüfatı İnstitutu təsdiq edib ki, bu il yayda baş vermiş yanğınlar 50 min hektar ərazini məhv edib. Bu keçənilki göstəricidən çoxdur.
Son həftələrdə Portuqaliyada orta hesabla hər 10 dəqiqədən bir yanğın baş verməsi elan edilib. Vəziyyət son dərəcə təhlükəlidir. Yanğınları qəsdən törətməkdə şübhəli sayılan orta yaşlı bir neçə nəfər həbs edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon