Türkiyədə AKINCI-nın sınaqları davam edir VİDEO
İstanbul, 16 sentyabr, AZƏRTAC
Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi AKINCI pilotsuz uçuş aparatı (PUA) SUNGUR raket sistemi ilə keçirilən atış sınağında yüksəksürətli hədəf PUA-nı birbaşa zərbə ilə vurub.
AZƏRTAC xəbər verir ki, Qara dənizin üzərindəki sınaq bölgəsində keçirilən sınaqda AKINCI-dan buraxılan və ROKETSAN-ın istehsalı olan SUNGUR raketi havadakı hədəf PUA-ya birbaşa zərbə endirib. Sınaq uğurla başa çatdıqdan sonra AKINCI planlaşdırılan marşrut üzrə geri qayıdıb.
AKINCI daha əvvəl KEMANKEŞ 1 süni intellekt əsaslı mini qanadlı raketlə hava-hava atışları həyata keçirib. Həmçinin ROKETSAN tərəfindən hazırlanan EREN yüksəksürətli sursatla hədəfi uğurla vurmağa nail olub. SUNGUR hava hücumundan müdafiə raketinin də inteqrasiyası ilə AKINCI müxtəlif siniflərə aid yerli sursatlardan hava hədəflərinə qarşı istifadə imkanlarını genişləndirib.
AKINCI bu günədək MAM-L, MAM-T, TOLUN, TEBER, LAÇİN, LGK, HGK, GÖKÇE və GÖZDE idarəetmə dəstləri, KGK-82-SİHA, IHA-300 və IHA-230 səsdən sürətli raketləri, IHA-122 raketinin TV və lazer axtarıcı versiyaları, ÇAKIR qanadlı raketi və EREN sursatı da daxil olmaqla müxtəlif yerli sursatlarla inteqrasiya edilib.
Bu geniş sursat çeşidi AKINCI-ya yaxın və uzaq məsafələrdə müxtəlif hədəflərə qarşı mərhələli əməliyyat və zərbə imkanları qazandırıb.
“Baykar”ın məlumatına görə, şirkət 2025-ci ildə pilotsuz uçuş aparatları sektorunda dünyanın ən böyük ixracatçısı olub. Şirkətin həmin il ixrac həcmi 2,2 milyard dollar təşkil edib və gəlirlərinin təxminən 90 faizi ixracdan əldə olunub. “Baykar” ümumilikdə 39 ölkə ilə ixrac müqavilələri imzalayıb. Bunlardan 36-sı “Bayraktar TB2”, 16-sı isə AKINCI PUA-ları üzrədir.