BAKI-2015


Azərbaycan güləşçisi Mariya Stadnik birinci Avropa Oyunlarının qalibi olub

Bakı, 15 iyun, Səxavət Quliyev, Rəşad İsmayılov, AZƏRTAC

İyunun 15-də “Bakı-2015” birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəyə qoşulublar.

AZƏRTAC xəbər verir ki, güləş yarışlarının üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıblar.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik ilk görüşündə portuqaliyalı Lilian Santosu məğlubiyyətə uğradıb. “Bakı-2015”-in idman elçisi Mariya Stadnik dörddəbir final mərhələsində fransalı Julie Sabatieyə tam üstünlüklə qalib gəlib. Yarımfinalda polşalı İvona Matkovskanı üstələyən güləşçimiz qızıl medal uğrunda bolqarıstanlı Elitsa Yankovaya qalib gələrək birinci Avropa Oyunlarının qızıl medalına sahib olub. Polşalı İvona Matkovska və rusiyalı Valentina İslamova Brik yarışı üçüncü pillədə başa vurublar.

İkiqat Avropa çempionu Nataliya Sinişin (55 kq) ilk görüşündə İtaliya təmsilçisi Patrizia Liuzziyə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimizin növbəti rəqibi türkiyəli Bediha Gün olub. Rəqibinin kürəyini xalçaya vuran Avropa çempionumuz yarımfinalda isveçli Sofia Matson ilə qarşılaşıb. İsveçli rəqibinə məğlub olan Nataliya Sinişin birinci Avropa Oyunlarının bürünc medalı uğrunda görüşdə ukraynalı Tatyana Kitdən üstün olub. Final görüşündə Sofia Matson polşalı Katarjina Kravçikə qalib gəlib. Digər bürünc medala isə Bolqarıstan təmsilçisi Evelina Nikolova layiq görülüb.

Yarışda 60 kiloqram çəki dərəcəsində macarıstanlı Marianna Sastin fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Svetlana Lipatova gümüş, belaruslu Veranika İvanova və Bolqarıstan təmsilçisi Taybe Yusein bürünc medal qazanıblar.

Birinci Avropa Oyunlarının qadın güləşi yarışlarında 69 kiloqram çəki dərəcəsində Ukrayna təmsilçisi Alina Maxina Stadnik birinci olub. İsrailli İlana Kratiş yarışı ikinci, rusiyalı Nataliya Vorobyova və Almaniya güləşçisi Alina Foken üçüncü pillədə başa vurublar.

Güləş yarışlarının ilk iki günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci Avropa Oyunlarında ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.