SİYASƏT
ABŞ-DA KİBERNETİKA MƏKANININ MÜHAFİZƏSİ ÜZRƏ MİLLİ KONSEPSİYA HAZIRLANMIŞDIR
Rusiyanın “Novosti” agentliyindən AzərTAC-a daxil olmuş məlumatda bildirilir ki, Ağ evin hazırladığı “Kibernetika məkanının mühafizəsi üzrə milli konsepsiya” dərc olunmuşdur.
Konsepsiyaya ABŞ prezidenti Corc Buş tərəfindən imzalanmış qoşma məktubda deyilir ki, hazırda biznesin, hökumətin və milli müdafiə strukturlarının işi bir çox cəhətdən informasiya texnologiyaları infrastrukturuna əsaslanır və kibernetika məkanında təhdid xeyli artdığına görə, onun təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Məktubda bildirilir ki, ABŞ-ın milli kompüter şəbəkələrinin təhlükəsizliyinin təmin olunması məsələsi bütün cəmiyyətin səylərinin əlaqələndirilməsini və bir səmtə yönəldilməsini tələb edən son dərəcə çətin strateji vəzifədir.