SİYASƏT
ABŞ-IN YƏHUDİ İCMASI ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN ƏDALƏTLİ HƏLLİNƏ TƏRƏFDARDIR
Ölkəmizə 65 nəfərlik nümayəndə heyəti ilə gəldiklərini bildirən qonaqlar Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşdüklərini bildirmişlər. Səfərin ABŞ, İsrail və Azərbaycan hökumətləri və xalqları arasındakı münasibətlərin inkişafına yardım məqsədi ilə həyata keçirildiyini qeyd edən M.Haonleyn, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda digər millətlərə və dinlərə münasibətin yüksək səviyyəsindən razı qaldıqlarını diqqətə çatdıraraq demişdir: “Burada gördüklərimiz bizi heyran etdi. Azərbaycan tolerantlıq baxımından digər ölkələr üçün əla nümunədir”.
Respublikamızın coğrafi-siyasi, iqtisadi baxımdan həyati əhəmiyyətli ölkə olduğunu vurğulayan M.Haonleyn, ABŞ-a qayıtdıqdan sonra Ağ evə və Dövlət Departamentinə təqdim edəcəkləri hesabatda Azərbaycanda şahidi olduqları məsələlərə toxunacaqlarını demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq onun ədalətli həllinə tərəfdar olduqlarını bildirmişdir: “Azərbaycan xalqının bu münaqişədən necə əzab çəkdiyini bilirik. Biz Şəhidlər xiyabanında münaqişə nəticəsində həlak olanların məzarlarını ziyarət etdik. Bizim ölkəmiz və xalqımız münaqişənin tezliklə həllinə tərəfdardır”.
M.Haonleyn, ABŞ, İsrail və Azərbaycanın terrordan böyük əziyyət çəkən ölkələr kimi terrora qarşı mübarizədə daha sıx əməkdaşlıq etmələrinin vacibliyini bildirmiş, istənilən növ zorakılığa qarşı qətiyyətli olmağa çağırmışdır.
ABŞ-dakı yəhudi icmasının həm Konqresdə, həm də administrasiyasında Azərbaycanın maraqları naminə ciddi iş apardığını bildirən H.Tanner, 907-ci düzəlişin həmişəlik aradan qaldırılmasına çalışacaqlarını demişdir.