SİYASƏT
ABŞ PREZİDENTİNİN TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ KONDOLİZA RAYS BERLİNƏ SƏFƏR ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa ölkələrində səfərdə olan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Rays Moskva səfərini başa çatdırdıqdan sonra mayın 16-da Berlinə gəlmişdir.
Bir günlük səfəri zamanı o, Almaniyanın federal kansleri Gerhard Şröderin təhlükəsizlik məsələləri üzrə müşaviri Mütselberq, xarici siyasət idarəsinin başçısı Yoşka Fişer və Almaniyada səfərdə olan Fələstinin baş naziri Əhməd Kureylə görüşlər keçirmişdir.
Televiziya kanallarının xəbərlər proqramlarında verilən məlumatlara görə, İraqın bərpası, ölkədə yeni siyasi dövlət quruluşunun təşkili, Yaxın Şərqdə siyasi vəziyyət, o cümlədən İsrail-Fələstin münaqişəsi və Qəzzə bölgəsində qarşıdurmalar təkbətək görüşlər və danışıqların diqqət mərkəzində olmuşdur.