DÜNYA
ABŞ “Şimal axını 2”nin investoru olan şirkətlərə sanksiyalar tətbiq edə bilər
Bakı, 13 iyul, AZƏRTAC
ABŞ “Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsinin iştirakçısı olan Qərb şirkətlərinə sanksiyalar tətbiq edə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü deyib. O bildirib ki, Rusiyanın “Şimal axını 2” layihəsinə investisiya qoyan Qərb şirkətlərinin sanksiyalarla qarşı-qarşıya qalma riskləri var.
Rəsmi Vaşinqton Rusiya təbii qazını Almaniya üzərindən Avropaya daşıyacaq “Şimal axını 2” boru kəmərini Moskvanın Avropanı bölmək üçün istifadə etdiyini müdafiə edərək, bu boru kəmərini inşa edən şirkətlərə sanksiyalar tətbiq ediləcəyinə dair yenidən xəbərdarlıq edib: “Rusiyanın boru kəməri ilə enerji ixracında çalışan şirkətlərin sanksiya riski daşıyan fəaliyyət həyata keçirdikləri barədə qərarlıyıq. Biz, bu boru kəmərinin Avropanın ümumi enerji təhlükəsizliyi və sabitliyinə mənfi təsir edəcəyinə inanırıq. Rusiya layihənin Avropanı “parçalamaqda” olduğunu başa düşür və bundan öz lehinə istifadə edir”.
Qeyd edək ki, beynəlxalq enerji şirkətləri “Wihtershall”, “Uniper”, “OMV”, “Shell” və “Engie” “Şimal axını 2” layihəsinə investisiya yatırıb.
“Nord Stream II AG” konsorsiumunun məlumatına görə, “Şimal axını 2” təbii qaz boru kəmərinin inşası üçün hazırlıq işləri Almaniyanın Baltik dənizi sahilindəki Greifswald Körfəzində başlanılıb. Marşrut boyunca digər üç ölkədə - Rusiya, İsveç və Danimarkada müvafiq icazələrin alınması prosedurlarına başlanıb. Tikinti işləri nəzərdə tutulduğu kimi 2018-ci ildə həyata keçiriləcək. Yanvarda Almaniya tərəfindən “Şimal axını 2” qaz boru kəmərinin inşasına dair icazə verilib.
“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb. Ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır. “Şimal axını 2” ilə Rusiyanın Baltik dənizindən keçməklə Almaniyaya təbii qaz ixracı ildə 110 milyard kubmetri keçəcək.