DÜNYA
ABŞ-da evinə basqın edilən azərbaycanlı qətlə yetirilib
Vaşinqton, 8 may, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərindəki Azərbaycan icmasının üzvü Nail Salamovun evinə basqın edən iki naməlum şəxs onu qətlə yetiriblər.
AZƏRTAC şəhər polisinin məlumatına istinadla xəbər verir ki, sinəsində iki güllə yarası olan N.Salamov “911” xidmətinə zəng edə bilib. O, hadisə yerinə gələn polisləri qarşılayıb və onlara silahlı hücumun bəzi təfərrüatlarını danışıb. Məlum olub ki, şübhəlilər axşam saat 10-dan sonra həmin dəqiqələrdə yataq otağında olan Salamovun evinə soxulublar. Nailin iki oğlu qonşu otaqda olublar. Cinayətkarlar onun üzünə bibər aerozolu sıxıb, evdən qaçmazdan əvvəl isə onlardan biri Naili güllələyib.
Ağır yaralanan N.Salamov Ridinq şəhərinin xəstəxanasına çatdırılıb və səhər saatlarında aldığı güllə yaralarından keçinib.
Polis Nailin qatillərini yaxalamaq üçün axtarış-əməliyyat tədbirləri həyata keçirir. Cinayətkarların həbs olunmasına kömək edəcək hər-hansı informasiyanı verən şəxsə isə 10 min dollar məbləğində mükafat veriləcəyi elan edilib. Polis leytenantı Tomas Endi bildirib ki, təhqiqat davam edir və hələ ki, şübhəlilərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton