DÜNYA


ABŞ-ın Corciya ştatında kütləvi vaksinasiya mərkəzləri bağlanır

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ-ın Corciya ştatında son iki həftə ərzində tələbatın nəzərəçarpacaq azalması səbəbindən mayın 21-dək doqquz dövlət kütləvi vaksinasiya mərkəzi bağlanacaq.

AZƏRTAC ABC News telekanalına istinadla xəbər verir ki, bunu ştatın rəsmi şəxsləri bildiriblər.

“Bütün ştat ərazisində COVID-19 əleyhinə vaksinin çatdırılması və əlçatanlığı kəskin artdığı üçün sakinlər preparatı rahatlıqla yerli apteklərdə, ərzaq mağazalarında və ya həkim kabinetlərində əldə edə bilirlər”, - deyə Corciya ştatının fövqəladə vəziyyətlər və milli təhlükəsizlik üzrə direktoru Kris Stollinqs bildirib.

Onun sözlərinə görə, Corciyada 3 milyon 500 mindən çox insan koronavirus əleyhinə vaksinin azı bir dozasını vurdurub ki, bu da əhalinin 34 faizinə bərabərdir. Ştatda tam vaksinasiyadan keçənlərin sayı isə 2 milyon 400 mini ötüb və ya əhalinin 23 faizini təşkil edir.

Qeyd edək ki, xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərin məlumatına əsasən, ABŞ-da əhalinin 42,5 faizi COVID-19 əleyhinə vaksinin ən az bir dozasını əldə edib. Eyni zamanda, amerikalıların 28,9 faizinin tam vaksinasiya olunduğu bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.