Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNİB-2 VİDEO

Şuşa, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz.

Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.

Uzun illər mən prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.

O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı. Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.

Bildiyiniz kimi, müharibə zamanı bir çox xarici media nümayəndələrinə mənim müsahibələrim olub və təbii ki, suallar da müxtəlif olmuşdur. Ancaq müharibədəki planlarımızla bağlı mən təbii ki, heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.

Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.

Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkilməli idi. Çünki siz yaxşı bilirsiniz ki, işğala qədər olan dövrdə yol Xankəndi ərazisindən keçirdi. Ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. Birinci, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq. Bir neçə başqa önəmli hadisə baş vermişdir.

Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.

Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər hansı hadisələr baş verirdi, siz, yəni, yaşlı nəsil yaxşı xatırlayırsınız - hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi. Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.

Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. O vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.

Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.

Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm.

Bugünkü bu bayram günü - mənim üçün və hamımız üçün ikiqat bayram günü bir daha onu göstərir ki, biz sülhsevər, biz qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal guya orada aparılmış təmiri ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Burada rahat yaşayın.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etdilər.

Sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Babayeva Gülbəniz Cümşüd qızı: Sağ olun. Çox sevincli andır. Çox sağ olun, təşəkkür edirəm. Ümummilli Liderin ad günündə Sizin kimi canlı əfsanə bu açarı mənə təqdim etdi. Yəqin ki, şəhidimizin də ruhu şad olar. Çox sağ olun.

Prezident İlham Əliyev: Ruhu şad olsun. Sağ olun.

Eyvazova Nəsibə Əli qızı: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Eyvazova Nəsibə Əli qızı: Çox sağ olun. Oğlum 44 günlük Vətən müharibəsində iştirak edib.

Prezident İlham Əliyev: İştirak edib? Çox gözəl.

Eyvazova Nəsibə Əli qızı: Bəli, qazi anasıyam. Çox xoşbəxtəm ki, bu gün bu açarı mənə vermisiniz.

Prezident İlham Əliyev: Sağ olun, gözəl övlad böyütmüsünüz dövlət üçün.

Eyvazova Nəsibə Əli qızı: Çox sağ olun, Sizə təşəkkür edirəm.

Salahov Eldar Məmməd oğlu: Çox sağ olun. Allah Sizə uzun ömür versin. Allah Sizə cansağlığı versin. Sizdən yerdən-göyə qədər razıyıq.

Prezident İlham Əliyev: Sizə də cansağlığı. Sağ olun.

Əliyev Elşən Allahverdi oğlu: Çox şadam. Dörd ildir bu günü gözləyirdim ki, bir şəhid övladı olaraq əlinizi sıxıb Sizə təşəkkürümü bildirim. Bu günləri bizə yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm.

Əliyev Elşən Allahverdi oğlu: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Məhərrəmov Pərviz Zalan oğlu: Çox sağ olun.

Ağayev Rəhman Kamran oğlu: Fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz.

Məhərrəmova Nazimə Mütəllim qızı: Cənab Prezident, bu gün tariximizə qızıl hərflərlə yazılan gündür. Sağ olun, Allah-taaladan Sizə cansağlığı, uzun ömür arzu edirəm.

Prezident İlham Əliyev: Sizə də cansağlığı, uzun ömür. Çox sağ olun.

Məhərrəmova Nazimə Mütəllim qızı: Sağ olun, qadan alım. Sağ olun. Nə yaxşı ki, varsınız.

Rəhimova Lətafət İsa qızı: Cənab Prezident, təşəkkür edirəm Sizə. Çox sağ olun, bu günü bizə yaşatdınız. Məcburi köçkünlük tamam qurtardı.

Prezident İlham Əliyev: Qurtardı, bəli. Çox gözəl.

Rəhimova Lətafət İsa qızı: Çox sağ olun.

Prezident İlham Əliyev: Sizi təbrik edirəm.

Ağayeva Təranə Əlövsət qızı: Çox sağ olun. Mən də fəxr edirəm ki, oğlum 44 günlük müharibədə iştirak edib.

Prezident İlham Əliyev: Sağ olun, gözəl övlad yetişdirmisiniz.

Gözəlova Səbinə Mikayıl qızı: Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Gözəlova Səbinə Mikayıl qızı: Bütün şəhidlərimizin ruhu şaddır. Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm, çox sağ olun.

Məmmədov Elvin Habil oğlu: Müzəffər Ali Baş Komandan, ehtiyatda olan əsgər Məmmədov.

Prezident İlham Əliyev: Xidmətlərə görə də təşəkkür edirəm. Haralarda döyüşmüsən?

Məmmədov Elvin Habil oğlu: Çox sağ olun, cənab Prezident. Şuşada, Qubadlıda, Füzulidə, Vətən Müharibəsi Qəhrəmanıyam.

Prezident İlham Əliyev: Sağ olun.

Mehriban xanım Əliyeva: Təbrik edirəm.

Kərimli Kərim Sevindik oğlu: Çox sağ olun, Mehriban xanım, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Məmmədov Elman Müseyib oğlu: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Məhərrəmov Vüqar Ramiq oğlu: Sağ olun, Allah Sizi var eləsin. Təşəkkür edirəm.

Xanhüseynov Əlövsət Famil oğlu: Xoş gördük, cənab Prezident, biz Sizinlə fəxr edirik. Var olasınız, çox sağ olun.

Bayramov Rövşən Mehrab oğlu. Çox sağ olun.

Məhərrəmzadə Bəxtiyar Elgiz oğlu: Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsi iştirakçısı olaraq daim Sizin əmrinizə hazırıq. Bugünkü hədiyyənizə görə Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Salmanov Orxan İlham oğlu: Sağ olun, cənab Prezident. Bu şərəfli günü bizə bəxş etdiyiniz üçün bütün ailəmiz adından, bütün şuşalılar adından Sizə minnətdarıq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ ol, təbrik edirəm sizi.

Mehriban xanım Əliyeva: Təbrik edirəm.

Məmmədov Cəmaləddin İntiqam oğlu: Sizə minnətdarlığımı bildirirəm, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol. Çox sağ ol.

Mehriban xanım Əliyeva: Çox sağ ol.

Hüseynov Rauf Tahir oğlu: Xoş gördük, cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Hüseynov Rauf Tahir oğlu: Minnətdaram, çox sağ olun. Yaxşı olasınız. Bir gənc ailə olaraq bu gün bizə bu açarı təqdim etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bir xatirə şəkli çəkdirək, bu, mənim ocağımda, evimdə ən dəyərli bir hədiyyə olacaq.

Prezident İlham Əliyev: Sağ ol.

Hüseynov Rauf Tahir oğlu: Sağ olun. Minnətdaram. Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun, təbrik edirəm.

x x x

Kərim Kərimli: Cənab Prezident, icazənizlə, mən də bir neçə kəlmə ürək sözümü demək istəyirəm.

Prezident İlham Əliyev: Buyurun.

Kərim Kərimli: Möhtərəm cənab Prezident, əziz Mehriban xanım, bu gün bizim həyatımızda ən əziz, ən xoşbəxt gündür. Bizim bugünkü xoşbəxtliyimizi yalnız və yalnız 2020-ci il noyabrın 8-də cənab Prezidentin “Əziz Şuşa, sən azadsan” bəyanatından sonrakı xoşbəxtliyimizlə müqayisə etmək olar. Bundan başqa heç bir misli-bərabəri, tayı-bərabəri olan xoşbəxtlik yoxdur.

Möhtərəm Prezident, 32 ildən sonra doğma şəhərə qayıtmaq barədə Siz öz ürək sözlərinizi söyləyərkən dediniz, bundan böyük səadət, bundan böyük xoşbəxtlik ola bilərmi?! Mən öz adımdan, burada iştirak edən ailəm adından, bu gün açarlarını təqdim etdiyiniz iştirakçılar adından, bizim camaat adından Sizə ürəkdən gələn təşəkkürümü bildirirəm.

Dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi ilə müqayisə etmək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun.

Mən bu tədbirdə Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Bütün şəhid ailələri qarşısında baş əydiyimizi bildirmək istəyirəm və mən bildirmək istəyirəm ki, əgər onların misilsiz şücaəti, dünya tarixində tayı-bərabəri olmayan qəhrəmanlığı olmasaydı, - təbii ki, Sizin rəhbərliyiniz altında, - bu gün biz burada bu təntənəli məclisdə iştirak edə bilməzdik. Bütün qazilərimizi -müharibədə Vətən uğrunda yaralanmış bütün qardaş və bacılarımızı burada hörmətlə yad etmək istəyirəm.

Nəhayət öz adımdan onu demək istəyirəm ki, bundan sonra biz öz şəhərimizdə belə gözəl, - bilirsiniz, bunu da təsvir etmək çox çətindir bu dəqiqə, - mənzillərdə yaşayaraq, Siz dediyiniz kimi, Şuşanın dirçəldilməsi, gözəlləşməsi, inkişaf etməsi və Sizin Sərəncamınızla artıq ölkəmizin mədəniyyət paytaxtı olan bir şəhərin bütün dünyanın mədəniyyət mərkəzinə çevrilməsi uğrunda mübarizəmizi aparacağıq. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm.

Səbinə Gözəlova: Möhtərəm cənab Prezident və hörmətli Mehriban xanım, bir daha Sizi doğma Şuşamızda salamlayır və xoş gəlmisiniz deyirik. Bu gün şuşalılar ikiqat sevinc yaşamaqdadır, torpaqlarımız işğaldan azad olunub və Qarabağımızın zümrüd tacı olan Şuşamıza qayıdış başlamışdır. Belə bir xoşbəxt günü bizə yaşatdığınız üçün Sizə borcluyuq. Şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Sizi və igid əsgərlərimizi qorusun.

Vətən sərhəddən, vətənpərvərlik isə məktəbdən başlayır. Əsl vətəndaşlıq, torpağa bağlılıq, vətənpərvərlik kimi xüsusiyyətlər məktəbdə daha da inkişaf edir. Müasir tələblərə cavab verən ən gözəl şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəbi gələcək nəsillərimiz üçün ən böyük töhfədir. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin rəhbəri kimi Sizi əmin edirəm ki, məktəbimizdə istedadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdiriləcək. Məktəbimizin pedaqoji kollektivi bu amal uğrunda var gücü ilə çalışacaq.

Bütün dünya Azərbaycan Respublikasının daxili və xarici siyasətinə heyrandır. Bu gün dünyanın ən aparıcı dövlətləri Azərbaycan Respublikası ilə diplomatik müqavilələr bağlayır. Bütün bunlar Sizin məqsədyönlü siyasətinizin nəticəsidir. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin! Ulu Öndərimiz Heydər Əliyev demişdi: “Vaxt gələcək Azərbaycan Günəş kimi nur saçacaq”. Bəli, bu şüar artıq bir reallıqdır. Çiçəklənən Azərbaycanımız dünyaya nur saçır, sülh və əmin-amanlıq uğrunda mübarizə aparır. Əlbəttə, bu, xalqımızın birliyi və Sizin əməyinizin sayəsindədir. Xalqımız dövlətimizə, dövlətimiz isə xalqımıza dayaqdır. İnanırıq ki, bizim bu günümüz, sabahımız, xoşbəxt gələcəyimiz əmin və etibarlı əllərdədir.

Hörmətli Mehriban xanım, Siz mərhəmət, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq bir insan kimi ən ali xüsusiyyətlərə malik bir xanımsınız. Siz ən əziz, doğma günlərinizdə, şəhid ailələri, qazi ailələri, məcburi köçkün ailələrini ziyarət edib, onlara diqqət və qayğı göstərmisiniz. Həmçinin milli-mənəvi irsimizi qorumaqla yanaşı, təhsilimizə böyük töhfələr vermisiniz. Bu günlərdə Heydər Əliyev Fondunun yaranmasının 20-ci ildönümü qeyd olundu. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik. Heydər Əliyev Fondu yarandığı gündən xalqımıza xidmət edib və zəngin mənəvi irsimizi inkişaf etdirib. Sizin rəhbərliyinizlə görülən bütün xeyirxah, gözəl işlərə görə Sizə təşəkkür edirik və bu müqəddəs missiyanızda Sizə uğurlar arzu edirik.

Möhtərəm cənab Prezident və hörmətli Mehriban xanım, Allah Sizi, dövlətimizi, millətimizi və igid əsgərlərimizi qorusun. Çox təşəkkür edirik. Sağ olun.

Rəssam Rövşən Bayramov: Möhtərəm cənab Prezident, bu tədbirə, bugünkü xoşbəxtliyi bizə yaşatdığınıza görə Sizə çox minnətdaram. Otuz iki ildir ki, mən Bakıda oturub Şuşanı xəyalən öz rəsmlərimdə əks etdirirdim. Bayaq yolda gələndə maşından baxıram, deyirəm, 32 ildən sonra mən həmin mənzərəni, həmin Şuşanı gözümlə görəcəyəm. Düzdür, Bakıda işlədiyim dövrdə xarici ölkələrdə də sərgilər təşkil etmişəm. Ancaq mənim mövzum Şuşa olubdur. İndiyədək demək olar ki, Bakıda bu illər ərzində 150 rəsm əsəri çəkmişəm. Hamısını Şuşa Dövlət Rəsm Qalereyasına hədiyyə etmişəm. Sağlıq olsun, Şuşada rəsm qalereyasını açdıqda, həmin əsərləri orada nümayiş etdirəcəyik. Bu tədbirə görə Sizə bir daha təşəkkür edirəm. Sağ olun.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Sağ olun.

x x x

Sonda xatirə şəkilləri çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

AQTA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Qvadelup bələdiyyə məclisinin üzvü: Fransadan uzaqlaşıb bütün sahələrimizi yenidən qurmalıyıq

Türkiyədə il ərzində 1 milyon turist hava şarı ilə səyahət edib

İyunun 29-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Sərhədyanı rayonların sakinləri ilə maarifləndirici görüşlər keçirilib

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

ABŞ-da ordinaturaya başlayacaq yüzlərlə həkim viza rejimi ilə bağlı problemlə üzləşib

Azərbaycanın namizədi ən yüksək səs yığaraq yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib

Xaricdə təhsillə bağlı Dövlət Proqramına builki müraciətlərdə ilk beşlikdə yer alan ölkələrin adları açıqlanıb

Suraxanıda narkoşəbəkənin üç üzvü saxlanılıb

Xaricdə təhsil üçün Dövlət Proqramına yeni tədris ili üzrə qəbul çərçivəsində müsahibə mərhələsinə başlanılır

Bu ilin beş ayında proaktiv qaydada aparılan pensiya, müavinət və təqaüd təyinatının sayı açıqlanıb

"Qarabağ"ın Xankəndidə tələbələrlə görüşü olub

Azyaşlı öyrənənlər üçün ingilis dilindən kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur

Paşinyan: Ermənistanda hakimiyyətin ələ keçirilməsinin qarşısı alınıb

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

ABŞ millisinin üzvü “Atletiko Madrid”ə keçib

“Könüllü DOST” proqramına 600-dən çox şəxs cəlb olunub

M.Q.İbrahimova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb

Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara

Bu il BDU-nu 6000-dən çox tələbə bitirir

Jean-Jacob Bicep: Avropa İttifaqının kənd təsərrüfatı siyasəti Qvadelupun təhlükəsizliyinə maneələr yaradır

DİN: Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub

Anar Bağırov: Ölkədə vəkillərin sayı 2701 nəfərə çatacaq

“Sumqayıt”da ayrılıq yaşanıb

Ötən gün axtarışda olan 121 nəfər saxlanılıb

Bakı metropoliteni yay qrafikinə keçib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan cüdo millisi Almaniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Qarabağ"ın üzvləri Şuşada sakinlərlə görüşüblər

Xalq artisti Həsən Seyidbəylinin vəfatından 45 il ötür

Azərbaycan nefti 10 faizədək ucuzlaşıb

“ZCL News”in jurnalisti: Qvadelup xalqı bu gün də müstəmləkə dominantlığından əziyyət çəkir

Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatlarının icrasına başlanılıb

Naxçıvan Dövlət Universitetində “Məzun günü” keçirilib

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Azərbaycanın Xorvatiyadakı səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü olub

Luk Reyinet: Fransa heç bir zaman hüquq dövləti olmayıb

Füzulidə zəncirvari qəza olub, ölənlər var

Qvadelup bölməsinin milli koordinatoru: Azərbaycana bizə verdiyi dəstəyə görə təşəkkür edirəm

Abbas Abbasov: BTQ müasir dünyada yeni müstəmləkəçiliyi qəbul etmir

Qvadelup nümayəndəsi: Artıq dörd əsrdir ki, Qvadelup qanlı müstəmləkəçiliyə məruz qalıb

Bakıda “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir

Ərdoğan Trampla görüşüb

Tacikistan 2032-ci ilə yaşıl enerji istehsal edən ölkəyə çevriləcək

Bu gün "Qarabağ" komandasının üzvləri Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcəklər

Dünyanın ən böyük rəqəmsal kamerasının ilk astronomik görüntüləri nümayiş olunub

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları olan 150 kapsul göndərəcək

Mark Rütte: Güclü müdafiə sənayesi olmadan müdafiə, güclü Transatlantik bağ olmadan isə Avropanın təhlükəsizliyi mümkün deyil

NATO-nun Haaqa Sammitində “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramının qəbul edilməsi gözlənilir

“Diplomatic World Sweden” saytında Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu haqqında məqalə dərc olunub

Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

KDÇ: "Benfika" "Bavariya"nı məğlub edərək 1/8 finala yüksəlib

Azərbaycan “Parlamentdə Birinci Beynəlxalq Elmi-Mədəni Görüş” adlı sərgidə təmsil olunub

Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb

Yeddiqat Fransa çempionu "Lyon" aşağı liqaya salınıb

COP29-un nümayəndəsi Potensialın artırılması üzrə Paris Komitəsinin IX iclasında çıxış edib

Səbinə Ağayeva: Çətinliklərlə dolu bir dünyada uşaqlara parlaq illüstrasiyalı, pərilər və sehr haqqında hekayələrlə əsl nağıllar lazımdır - MÜSAHİBƏ

Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna transfer olunub

Azərbaycanlı alimlərin beynəlxalq simpoziumda məruzələri maraqla qarşılanıb

“Neftçi” legioner futbolçusu ilə vidalaşıb

Bakıda İtaliyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

İtaliya İsraillə İran arasında atəşkəsi alqışlayır

Bu gün müəllimlərin sertifikasiya imtahanında 97 faiz davamiyyət qeydə alınıb

Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb

Papa Leo Dəməşqdəki kilsəyə hücumdan kədərlənir

Yunanıstanlı diplomatlar Azərbaycanın dəstəyi ilə İrandan təxliyə olunublar

İslam dünyası universitetləri ilə bağlı forumun iştirakçıları BDU-nun inkişaf istiqamətləri barədə məlumatlandırılıb

Naxçıvanda şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz müasir qlükoz sensor cihazları təqdim olunub

Şah İsmayıl Xətaiyə həsr olunmuş konsert proqramı təşkil edilib

Qətər İsrail ilə İran arasında atəşkəs razılaşmasını alqışlayır

Ekspert: Bakı aşağıkarbonlu enerji həllərinin mərkəzinə çevrilə bilər - MÜSAHİBƏ

Füzuliyə köçürülən sakinlərdən 1097 şəxs məşğulluq tədbirlərinə cəlb olunub

Ərdoğan: Türkiyə İran və İsrail arasında atəşkəs razılaşmasına əməl olunmasına çağırır

Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb

“8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji təhlükəsizliyini daha gücləndirəcək ŞƏRH

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında növbəti konstitusiya işinə baxılıb

“Baş” tamaşasına ictimai baxış keçirilib

Azərbaycan şərabları Norveç və İsveç bazarlarında təqdim olunub

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Naxçıvan şəhərinin Baş planının hazırlanması Böyük Britaniya şirkətinə həvalə olunub

ABŞ mediası: Bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur

Azərbaycan gələn il bədii gimnastika üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub

ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir VİDEO

ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir VİDEO