DÜNYA
ABŞ-ın cənub-şərqində baş vermiş güclü qar çovğunu nəticəsində 2 nəfər həlak olub
Vaşinqton, 11 dekabr, AZƏRTAC
Güclü qar çovğunu ABŞ-ın cənub-şərq ştatlarını bürüyüb. Nəticədə yüzlərlə ev işıqsız qalıb, infrastruktura ciddi ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, təbii fəlakətin daha çox zərər vurduğu Şimali Karolina ştatının hakimiyyət orqanlarının verdiyi məlumata görə, qar çovğunu nəticəsində ən azı 2 nəfər həlak olub. Cənub-şərq ştatlarının hava limanları yüzlərlə aviareysləri dayandırıb. Yerli KİV-lər bildirirlər ki, 2 saat ərzində təxminən 30 santimetr qalınlıqda sulu qar yağıb ki, bu da nəticədə buzlanmaya səbəb olub. Ştatların hakimiyyət orqanları xəbər verirlər ki, Virciniya ştatının qərbində, Cənubi və Şimali Karolinada, Qərbi Virciniyada, Alabamada, Tennessidə və Corciyada ən azı 380 min ev işıqsız qalıb.
Şimali Karolinanın qubernatoru Roy Kuper bəyan edib ki, qısa müddətdə yağan qar ötən qış mövsümü ərzindəki bütün yağıntı miqdarından da çoxdur. Qubernator pis hava şəraiti ilə bağlı müraciət edərək, ABŞ-ın Milli Qvardiyasının bölmələrini köməyə çağırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton