ELM VƏ TƏHSİL
ADU-nun nəzdindəki Konfutsi İnstitutunda “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda elmi seminar keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan hüquq-mühafizə orqanları arasında əməkdaşlığın uğurlu inkişafından bəhs edərək, korrupsiyaya qarşı mübarizə və korrupsiya cinayətlərinin qarşısının alınmasında Azərbaycan-Çin əməkdaşlığına xüsusi diqqət yetirildiyini söyləyib.
R.Abbasov bildirib ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev Çin Xalq Prokurorluğunun nümayəndə heyəti ilə görüşü zamanı beynəlxalq terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan-Çin əməkdaşlığının vacibliyini xatırladıb. Konfutsi İnstitutunun direktoru Çinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində genişmiqyaslı islahatlara, o cümlədən yeni innovativ xidmətlər, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük maraq göstərdiyini qeyd edib.
R.Abbasovun sözlərinə görə, Çin Kommunist Partiyasının XIX qurultayında çıxış edən Çin Xalq Respublikasının sədri Si Cinpin də partiya və dövlətdə qayda-qanun və sabitlik üçün əsas təhlükə olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini qeyd edib. O, Azərbaycanın Çinin təşəbbüsü və BMT-nin dəstəyi sayəsində yaradılan Beynəlxalq Korrupsiya ilə Mübarizə Assosiasiyasının təşkilatçılarından biri olduğunu vurğulayıb.
Ədliyyə Nazirliyinin əməkdaşı, ADU-nun xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirildiyini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulduğunu qeyd edib. Həmçinin ölkəmizin hüquqi sahədə əməkdaşlığında Ədliyyə Nazirliyinin xüsusi yer tutması, bu qurumun beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında və ölkəmizin tərəfdaş olduğu müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsində fəal iştirakı, Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının ədliyyə sahəsindəki əməkdaşlığı barədə söhbət açıb.
ADU-nun beynəlxalq münasibətlər kafedrasının dosenti Mətanət Əsgərova Azərbaycan Ədliyyə Akademiyasının beynəlxalq əməkdaşlığının ölkəmizin ədliyyə orqanlarının inkişafı, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətindən danışıb.