ELM VƏ TƏHSİL


“ADU və multikulturalizm ənənələri” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “ADU və multikulturalizm ənənələri” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla multikulturalizmin özündə tarixi, mədəniyyəti, mənəviyyatı, ədəbiyyatı, dini cəmləşdirdiyini deyib. “Prezident İlham Əliyevin tövsiyəsi ilə Azərbaycan multikulturalizmini dünya universitetlərinə təqdim edə bildik. Əvvəlcə biz təqdim edirdik, daha sonra onlar bizi dəvət etməyə başladılar. Azərbaycan multikulturalizminə maraq, Şərq ölkəsinin avropalılarda oyatdığı maraq Şərq və Qərb münasibətlərinin bugünkü təzahüründən başqa, eyni zamanda, Azərbaycan dövlətçiliyinin qazandığı uğurlara olan münasibətdir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsinə gətirilməsi dünyada multikulturalizmin iki qütbünü müəyyənləşdirdi: bədbin qütb və nikbin qütb. Multikulturalizmə bu istiqamətdən baxanda dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir çox tədbirlər olmasaydı, bu gün Azərbaycan multikulturalizmi dünyada öz mövqeyini bu şəkildə qura bilməzdi”, - deyə rektor bildirib. Vurğulanıb ki, ölkəmizdə multikultural dəyərlərin inkişaf etdirilməsinə ADU böyük töhfələr verir.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev Azərbaycan multikulturalizminin dünyada özünə layiqli yer tutduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin multikulturalizmin yeni inkişaf modellərini qurduğunu qeyd edən professor dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasından söz açıb. O, dünyanın müxtəlif ölkələrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən danışan Adil Babayev multikulturalizmin milli dəyərlərimizin əsasında qurulduğunu söyləyib.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “ADU multikulturalizmin bir nümunəsi kimi”, təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov “Çoxqütblü müasir dünyada dillərin və mədəniyyətlərin dialoqu”, sosial məsələlər üzrə müşavir, dosent Ələddin Əliyev “Azərbaycan Dillər Universitetində tarixi-ictimai ənənələr”, universitetin multikulturalizm elmi-tədqiqat laboratoriyasının elmi işçisi, BBMM-in şöbə müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin funksional rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Dəyirmi masa tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.