DÜNYA
Aİ-nin miqrasiya tədbirləri iki mindən çox miqrantın ölümünə səbəb olub
Bakı, 5 may, AZƏRTAC
Avropa İttifaqına (Aİ) daxil olan ölkələr koronavirus pandemiyası dövründə azı 40 min qaçqının Avropaya daxil olmasının qarşısını qanunsuz şəkildə alıb ki, bu da iki mindən çox insanın ölümünə səbəb olub.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu faktlar BMT-nin müvafiq qurumlarının və qeyri-hökumət təşkilatlarının məlumatları əsasında aparılan tədqiqatın nəticələrində yer alıb.
Sənəddə qeyd olunur ki, Avropa ölkələri Aİ-nin Xarici Sərhədlərə Nəzarət üzrə Agentliyinin (Frontex) dəstəyi ilə uşaqlar da daxil olmaqla, müharibələrdən qaçan minlərlə insanı saxlayarkən və daşıyarkən sistematik zorakılığa məruz qoyub.
Mühacir axınının azalmasına baxmayaraq, 2020-ci ilin yanvar ayından İtaliya, Malta, Yunanıstan, Xorvatiya və İspaniya miqrasiya siyasətini sərtləşdirib. Bu ölkələr koronavirus infeksiyasının qarşısını almaq məqsədilə sərhədləri qismən və ya tamamilə bağladıqdan sonra qəzaya uğrayan qayıqları tutmaq və qaçqınları nəzarət altına almaq üçün fərdi gəmiləri cəlb ediblər. BMT-nin müvafiq qurumları sərhədlərdə insanların mütəmadi döyüldüyü, qarət olunduğu, soyundurulduğu və ya dənizdə köməksiz buraxıldığı barədə məlumatlar alıb.
Danimarkanın Qaçqınların İşi üzrə Şurasının (DRC) hesablamalarına görə, Xorvatiya pandemiyanın başlandığı gündən bəri 18 min mühaciri sərhədlərindən sıxışdırıb. Yunanıstan isə 2020-ci ilin yanvarından etibarən 6 mindən çox miqrantın sahilə çıxmasına imkan verməyib. Bununla bağlı aprel ayında Avropa İnsan Hüquqları Məhkəməsi Yunanıstana qarşı iddia qaldırıb. Afina onlarla mühacirin döyülərək xilasetmə qayıqları ilə dənizə atılmasında ittiham olunur. Yunanıstanın patrul gəmilərinin miqrantları daşıyan qayıqları Türkiyə sularına çəkərək insanları dənizdə yeməksiz və susuz buraxdıqları iddia edilir.