ELM VƏ TƏHSİL
ALMANİYA AKADEMİK MÜBADİLƏ XİDMƏTİNİN BAKININ ALİ MƏKTƏBLƏRİNƏ HƏDİYYƏSİ
Almaniyanın Bakıdakı səfirliyində keçirilən mətbuat konfransında bildirilmişdir ki, bu ölkənin Akademik Mübadilə Xidməti (DAAD) Neft Akademiyasına və Texniki Universitetə kompüterlər və digər avadanlıq vermişdir.
Avadanlıq həmin ali məktəblərin DAAD-ın xətti ilə Almaniyada staj keçmiş nümayəndələri vasitəsilə çatdırılmışdır. DAAD-ın ölkəmizdəki nümayəndəsi doktor Ulrike Mitter demişdir ki, bu xidmət fəaliyyətə başladığı 1998-ci ildən Azərbaycan tələbələrinə Almaniya universitetlərində təhsil almağa, elmi işçilərə isə tədqiqatlarını davam etdirməyə imkan yaratmışdır. Təkcə 2002-ci ildə DAAD Azərbaycana 500 min avro məbləğində təqaüd vermişdir. 16 tələbə Almaniyada dil kurslarında iştirak etmiş, bir o qədər gənc tədqiqatçı isə 3 aylıq elmi araşdırmalar aparmaq üçün təqaüd almışdır. 70-dək tələbəyə magistraturada illik və ikiillik təhsil almaq üçün təqaüd verilmişdir.
Xanım Mitterin dediyinə görə, DAAD-ın Azərbaycanda fəaliyyəti genişləndiriləcək və təkcə təhsil sahəsini deyil, elm və mədəniyyəti də əhatə edəcəkdir.